Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Azərbaycanın Avropaya qaz tədarükü coğrafiyasının genişləndirilməsini mümkün edib.

Heftelik.az-ın xəbərinə görə, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Prezident qeyd edib ki, Anlaşma Memorandumunun imzalanması enerji təhlükəsizliyi baxımından olduqca vacib və vaxtında atılmış addımdır.

“Bu təşəbbüs enerji resurslarının daha da şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından çox vacib addımdır və olduqca vaxtında atılmış addımdır. 6 ay öncə mən Bolqarıstana rəsmi səfər etmişdim və 6 ay sonra geri qayıtmışam. Biz eyni zamanda, Bolqarıstanla interkonnekter layihəsinin inaqurasiya mərasimində iştirak etdik. Bu layihə Azərbaycanın Avropada milli qaz tədarükü coğrafiyasının genişlənməsini mümkün etdi və bu layihə eyni zamanda, artıq Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yardım edir”, – Prezident İlham Əliyev qeyd edib.