İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər.
Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə iştirak edən şəxsləri ilkin dinlədikdən sonra qəbul edir.
Məhkəmə baxışının qapalı keçirilməsində işdə iştirak edən şəxslər, onların nümayəndələri və vəkilləri iştirak edir. Zərurət yaranarsa, onların şahidləri, ekspertlər, mütəxəssislər və tərcüməçilər çağırılır. Qapalı məhkəmə baxışı mülki məhkəmə icraatının bütün qaydalarına riayət olunmaqla aparılır. İşdə iştirak edən şəxs olmayan və ya şahid qismində dəvət edilməyən on altı yaşına çatmamış şəxslər məhkəmə iclası zalına buraxılmırlar.