Polşa B9 (Buxarest Doqquzluğu) ölkələrinin müdafiə nazirlərinin iclasına ev sahibliyi edəcək.
Heftelik.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 26-da Varşavada Polşa müdafiə naziri Mariuş Blaşzak Rumıniyanın müdafiə naziri ilə birlikdə B9 müdafiə nazirlərinin iclasına sədrlik edəcək.
Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, nazirlər Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda beynəlxalq təhlükəsizliyi, həmçinin beynəlxalq ictimaiyyətin, o cümlədən NATO və Aİ-nin Ukraynaya dəstəyini müzakirə edəcəklər
“İclas iştirakçıları həmçinin iyulda keçiriləcək Vilnüs sammitinə hazırlıq, NATO-nun daha da gücləndirilməsi, onun şərq cinahının təhlükəsizliyi prosesini müzakirə edəcəklər. Nazirlər Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin cari gündəliyini, həmçinin Rusiyanın sabitliyi pozan fəaliyyətinə məruz qalan Moldova, Gürcüstan və Bosniya və Herseqovinanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə NATO və Aİ-nin dəstəyini müzakirə edəcəklər”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, B9 formatı Polşa, Rumıniya, Bolqarıstan, Çexiya, Estoniya, Litva, Latviya, Slovakiya və Macarıstan tərəfindən yaradılıb.
Polşa Müdafiə Nazirliyi bildirib ki, iclasda Böyük Britaniyanın müdafiə naziri, NATO və ABŞ Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.