Bizim artıq Azərbaycanla təmaslarımız var. İndiki təşəbbüsdə biz tranzit ölkə rolunda çıxış edəcəyik, lakin eyni zamanda, biz Qara dənizdə qaz yataqları aşkar etmişik.

Heftelik.az-ın Bolqarıstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Rumıniya energetika naziri Vircil Daniyel Popesku Sofiyada “Həmrəylik halqası”yla Azərbaycan qazının tədarükünə dair memorandumun imzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Rumıniya regionda Rusiya qazından ən az asılı olan ölkədir və yerli qaz hasilatı istehlakın 88 faizini təşkil edir.

Nazir, ölkəsinin “Həmrəylik halqası”na qoşulmasından da danışıb.

“2026-cı ilin sonu, 2027-ci ilin əvvəlində regionun təchizatı üçün “Həmrəylik halqası”na qoşulacağıq. Ona görə mən çıxışımda Ukraynanın qaz təchizatına toxundum. Ukrayna da bu regiondadır və biz onun qaz təchizatının təhlükəsizliyini dəstəkləməliyik. Eyni zamanda, Türkiyə də prosesə qoşula bilər. Ona görə də biz Azərbaycandan daha çox qaz idxal edə bilmərik. Azərbaycan bu təşəbbüsdə əsas oyunçudur və həm Bolqarıstanın, həm də Rumıniyanın strateji tərəfdaşıdır. Bizim bu ölkə ilə uzunmüddətli əlaqələrimiz var. Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycanın regionumuzun enerji təchizatının təhlükəsizliyində vacib rol oynayır”, o qeyd edib.