Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

***

saat 11.09

Baş Prokurorluq Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində mina partlaması barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, aprelin 26-sı Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin qeyd olunub ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.