perHakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, etiraz üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir.
Əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş tərəf yüz on manatadək cərimə edilə bilər.
Eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz.