Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir.
Məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz, etiraz edilənin iştirakı olmadan digər hakimlər tərəfindən həll edilir. Etirazın lehinə və əleyhinə verilən səslərin sayı bərabər olduqda, hakim kənar edilmiş hesab edilir. Apellyasiya və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir. Eskpertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə etiraz haqqında məsələ işə baxan hakim və məhkəmə tərəfindən həll edilir.
Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir.