Himayədar ailənin yaranmasına dair yeni tələblər müəyyənləşir.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, himayədar ailə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır.
Himayədar ailənin yaranması aşağıdakı 3 (üç) mərhələdə həyata keçirilir:
– himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) uçota alınması;
– himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunun müəyyənləşdirilməsi;
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin bağlanılması.
Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada müəyyən edilir:
– himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) müsahibənin aparılması və həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsi;
– himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
– himayədar valideyn olmaq istəyən şəxsə (şəxslərə) uyğun uşağın və himayədar ailəyə veriləcək uşağa uyğun himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) seçilməsi.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin himayəyə götürməyə münasibətini öyrənmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir və həmin şəxslərin maddi-məişət şəraitinin müayinəsini aparır. Müsahibədən keçmiş himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən himayədar ailə ilə bağlı müddəti 30 (otuz) gündən çox olmayan təlimlərə cəlb edilirlər. Himayədar ailə ilə bağlı təlimlərdən keçmiş himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) 1 (bir) il müddətində himayədar ailə olmaq üçün təkrar müraciət etdikdə təlimlərə cəlb edilmir. Himayədar ailə ilə bağlı təlimin nəticələri müəyyən edilən meyarlara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qiymətləndirilir. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) və himayədar ailəyə veriləcək uşağın istək və mənafeyini nəzərə almaqla, himayədar valideyn olmaq istəyən şəxsə (şəxslərə) uyğun uşaq və himayədar ailəyə veriləcək uşağa uyğun himayədar valideyn seçir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi yerdə sosial işçinin iştirakı ilə onların görüşünü təşkil edir.
Görüşün nəticəsinə dair sosial işçinin hesabatı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlayır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmayanlar və yalnız bu maddəyə uyğun olaraq bağlanılmış müqavilədə nəzərdə tutulmuş müddətə verilə bilərlər. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilədə uşağın sağlamlıq vəziyyəti, onun yaşayış, tərbiyə və təhsil şəraiti, himayədar valideynlərin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hüquq və vəzifələri, bu müqavilənin müddətinin uzadılması, ləğv olunmasının əsasları və nəticələri qeyd edilir. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə himayədar ailəyə verilmiş uşaqların müvəqqəti olduqları yer, yəni himayədar ailənin yaşadığı yer üzrə qeydiyyata alınması üçün əsas hesab edilir.
Uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin formasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayəyə götürülmüş hər bir uşağa görə himayədar valideynlərə onların himayədar valideyn olduğunu təsdiq edən və üzərində himayədar valideynlərin, himayəyə verilmiş uşağın soyadı, adı, atasının adı və fotoşəkli əks olunmuş vəsiqə təqdim edir. Himayədar valideynlərə verilən vəsiqənin nümunəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, himayədar ailə uşağın tərbiyə olunmaq üçün verilməsinə dair müqavilə əsasında yaranır. Bu müqavilə qəyyumluq və himayə orqanı ilə himayədar valideynlər (uşağı tərbiyə olunmaq üçün ailəyə götürmək arzusunda olan ər-arvad və ya ayrı-ayrı vətəndaşlar) arasında bağlanır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmamış uşaq və yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər. Himayədar ailə haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.