Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşib.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına, yəni:
– körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməməsinə, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyinin, ana südünün üstünlüyünün qeyd olunmamasına;
– uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə;
– körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə;
– körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə –
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir.