Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlər sertifikatlaşdırmadan keçəcək.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu, təhsilverənlərin vəzifələri sırasına daxil edilib. Beləliklə, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq.
Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçəcəklər. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək.
Bununla belə, dövlət məktəbəqədər təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər.