Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.
Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin, beynəlxalq məhkəmələrin və iqtisad məhkəmələrinin aktlarının məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və Mülki Prosessual Məcəllə ilə müəyyən olunur.