Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, Cinayət Məcəlləsinə əsasən, nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.
Eyni əməllər:
– qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
– təkrar törədildikdə;
– şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
– xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər:
– mütəşəkkil dəstə tərəfindən törədildikdə;
– külli miqdarda törədildikdə —
– beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.