Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi nəzarət altında olan xammalın, prekursorların, alətlərin və ya avadanlıqların, habelə narkotik vasitələrin, psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, emalı, saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi, daşınması, göndərilməsi, əldə edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql edilməsi və ya məhv edilməsi qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulması min manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.
Narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir.