Ulu Öndər Heydər Əliyev: “Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”
Ümummilli Lider Heydər Əliyev hər zaman Vətəndə və xaricdə yaşayan soydaşlarımızı azərbaycançılıq ideyası ətrafında birləşməyi təlqin edirdi. Çünki Ulu Öndər çox gözəl bilirdi ki, dünya azərbaycanlılarının müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrinin qurulması və inkişaf etdirilməsində azərbaycançılıq ideologiyası əsas faktordur. Buna görə də aparılan praktik işin nətcəsi olaraq bu ideya həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas milli ideyaya çevrilmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, azəbayacançılıq ideologiyası milli kökdən qaynaqlanaraq xalqımızın milli-əxlaqi dəyərləri ilə ümumbəşəri dəyərləri özündə birləşdirir. Buna görə də Ulu Öndər daim vurğulayırdı ki, Azərbaycan xalqı hər zaman ümumbəşəri dəyərlərlə, Avropa dəyərləri ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin inteqrasiyasına çalışmışdır: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir… Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik… Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq… Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”.
Ümummilli Lider Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların birliyi məsələsini daim diqqət mərkəzində saxlayırdı. Bu baxımdan, Ulu Öndər diaspor təşkilatlarına daim öz tövsiyələrini verir, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirirdi. Buna görə də Ulu Öndər Heydər Əliyev xarici ölkələrə səfərlər edərkən Azərbaycan icmasının üzvləri ilə də mütəmadi görüşlər keçirir, diasporumuzun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini qeyd edirdi. Bu çıxışlarında Ulu Öndər soydaşlarımıza xalqımızın gücünü, qüdrətini xatırladır, tarixi keçmişimizdə bu yana keçdiyi yolu göstərirdi. Məsələn, 23 fevral 1994-cü ildə Londonda Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşündə çıxışında demişdir: “Əsrlər boyu başına gəlmiş bəlaların hamısından xalqımız öz gücü, cəsarəti, qəhrəmanlığı sayəsində çıxmışdır”. Bonda, 1 iyul 1996-cı ildə isə Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşündə bildirmişdir ki, azərbaycanlılar çox vətənpərvər və qonaqpərvərdirlər. Ümummilli Liderin bu kimi görüşləri və çıxışları xaricdəki soydaşlarımızda böyük ruh yüksəkliyi yaradırdı. Ulu Öndərin yorulmaz əməyinin nəticəsidir ki, həmin təşkilatlar bu gün problemsiz olaraq müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. Buna görə də onların hər bir üzvü üçün Heydər Əliyev doğma və əzizdir. Həmçinin, Ulu Öndər deyirdi ki, Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır. Əlbəttə ki, Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri damarlarından azərbaycanlı qanı axan hər bir insan üçün müqəddəsdir. Bu sözlər hər birimiz üçün bayrağımız qədər əzizdir. Eyni zamanda Azərbaycanın işıqlı gələcəyi naminə xaricdəki soydaşlarımızın vətənlə daim əlaqə saxlamağının başlıca təminatıdır.
Ulu Öndərin azərbaycançılıq ideologiyası xaricdəki soydaşlarımız arasında milli birlik yaradıb. Bu, azərbaycançılıq ideologiyasının pozitiv xarakteri olaraq vurğulanmalıdır. Azərbaycançılıq, eyni zamanda, milli ənənəyə söykənir. Bu, həm də milli birlik ideologiyasıdır. Bu ideya, ümumiyyətlə, dövlətçiliyimizin ideoloji təməlini təşkil edir. Ulu Öndərin təməlini qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti bu illər ərzində dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı böyük məsuliyyətlə yerinə yetirir.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi