Serbiyanın paytaxtı Belqradda məktəbdə baş vermiş silahlı insident zamanı azı 8 şagird və məktəbin təhlükəsizlik nəzarətçisi qətlə yetirilib.

Heftelik.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, polis bu gün səhər baş vermiş insidentlə əlaqədar məktəbin 7-ci sinif şagirdi, 14 yaşlı şagird Vladislav Ribnikarı saxlayıb.

Onun insidenti törətmək üçün atasına məxsus silahdan istifadə etdiyi bildirilir.

Serbiya daxili işlər nazirliyi cinayətin motivlərinə dair istintaqın davam etdirildiyini açıqlayıb. Polisin hələ də ərazidə olduğu və faciəyə yol açan bütün faktların və şəraitin müəyyənləşdirilməsi üçün intensiv iş apardığı açıqlanıb.

Yerli media insidenti törətməkdə şübhəli bilinən məktəblinin əli qandallı halda polis tərəfindən ərazidən uzaqlaşdırılmasının görüntülərini yayıb.

Məlumata görə, hücum zamanı yaralanmış iki 13 yaşlı oğlan və bir qız Tirsovada xəstəxanaya yerləşdirilib. Oğlanların durumunun stabil olduğu, qızın isə vəziyyətinin ciddi olduğu və əməliyyat edildiyi bildirilib.

Məktəbin şagirdlərindən birinin atası Milan Miloseviç yerli telekanala açıqlamasında bildirib ki, qızı insident törədilən sinif otağında olsa da qaçmağı bacarıb. Onun sözlərinə görə, insidenti törədən məktəbli əvvəlcə müəllimə, daha sonra isə ətrafa kortəbii atəş açıb.

Vracar rayonunun meri Milan Nedeljkoviç həkimlərin yaralanmış müəllimin həyatının xilas edilməsi üçün mübarizə apardıqlarını bildirib.

Serbiya odlu silah əldə edilməsinə sərt məhdudiyyətlər tətbiq etsə də silah mülkiyyətinə görə Avropada birinci yerdədir. 2019-cu ildə aparılmış təxmini hesablamalara görə, ölkədə hər 100 nəfərə 39,1 odlu silah düşür. Bu, ABŞ və Monteneqrodan sonra dünyada ən yüksək göstəricidir.