Girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, fiziki və ya hüquqi şəxsi hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə, iki və ya daha çox şəxs barəsində törədildikdə, tamah niyyəti ilə törədildikdə tətbiq edilən cəzalar məlum olub.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, həmin əməllər on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi ilə girov götürüləni azad edərsə, onun əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda, cinayət məsuliyyətindən azad edilir.