Mayın 3-də  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yenidənqurma və abadlıq işləri aparılan Mərkəzi Nəbatat Bağına baxış keçirilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyəti birgə məlumat yayıb.

Qeyd edilib ki, baxış zamanı ərazidə son dövrlərdə ziyanvericilərin sirayət etməsi nəticəsində bir neçə ağacın xəstəlikdən quruduğu müşahidə olunub və qurumuş ağacların bəzilərinin götürüldüyü, bəzilərinin isə qaldığı müəyyən edilib. Xəstəliyin digər ağaclara keçməməsi üçün Nəbatat Bağının rəhbərliyinə qurumuş ağacların götürülməsi barədə müvafiq tapşırıq verilib.

Əraziyə baxış keçirilən zaman bioloji inkişafda olan bir neçə cavan ağacda “Hisli kif” və “Lentşəkilli sovka” xəstəliyi aşkar edilib. Onların bir hissəsi kəsilib, lakin ərazidən tam həcmdə  götürülməyib və utilizasiyası həyata keçirilməyib.

Bütün çatışmazlıqlar rəsmiləşdirilib və bağın rəhbərliyinə tapşırılıb ki, abadlaşdırma prosesində yaşıllıqların qorunması və mühafizəsi təmin edilsin.

Qeyd edək ki, Nəbatat Bağında yenidənqurma və abadlıq işləri başa çatdırıldıqdan sonra bağ paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl təbiət nümunəsinə çevriləcək.