Vətəndaşın ölüm hadisəsi xəstəxanada baş verərsə, ölüm haqqında tibbi şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən onun yaxın ailə üzvünə təqdim olunur.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, əgər ölüm hadisəsi evdə baş verərsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) çağırılmalı, TTTY həkimi tərəfindən ölüm hadisəsinin təsdiqi barədə “xəbərdarlıq vərəqəsi” doldurulmalı və ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir: “Həmin “xəbərdarlıq vərəqəsi” vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tərəfindən tibbi sənədlərə əsasən, ölüm haqqında tibbi şəhadətnamə verilir. Ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək (yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilir”.