Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, nəzərdə tutulmuş əməllər:

– külli miqdarda törədildikdə;

– təkrar törədildikdə;

– qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə –

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma –

min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin əməllər külli miqdarda törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu zaman  “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ, “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ başa düşülür.