1941 – 1945 – ci illər Böyük Vətən müharibəsində qazanılan qələbədə Azərbaycan xalqının böyük payı olub. Bu müharibədə respublikamızın 600 mindən çox nümayəndəsi iştirak edib.  Müharibə illərində Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin bir neçə milli diviziya formalaşdırıldı. Həmçinin 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.

Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar. Xalqımızın qəhrəman övladları yüzlərlə yaşayış məntəqəsi uğrunda igidliklə döyüşüb, Yuqoslaviya, Polşa, Çexiya və digər ölkələrin azad olunmasında yaxından iştirak ediblər. 1941 – 1945- ci illər Böyük Vətən müharibəsində Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov, Hüseynbala Əliyev, Züleyxa Seyidməmmədova, Ziya Bünyadov kimi Azərbaycan övladları böyük rəşadət göstərərək adlarını müharibənin tarixinə qızıl hərflərlə yazıblar.

Bakı neftçiləri 1941 – 1945 – ci illər Böyük Vətən müharibəsinin ən böyük qəhrəmanlarından biri idi. Azərbaycan neftçiləri şücaət göstərərək cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Müharibə illərində neftçilərimiz ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər, aviasiya benzini almaq üçün Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yeni texnologiya yaradılıb. Ümumilikdə, SSRİ-nin müharibədə sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin isə 80 faizi Azərbaycanın payına düşüb. Həmin dövrün tanınmış siyasətçiləri, hərbçiləri Azərbaycan neftçilərinin fəaliyyətini yüksək qiymətləndirib, neftçilərimizin müharibədə qazanılan qələbədəki payından bəhs ediblər. Cəbhədə düşmənə ağır zərbələr endirməyə imkan verən yüksək oktanlı aviasiya yanacağının da Azərbaycanlı alimlər tərəfindən kəşf olunması ölkəmizin bu müharibədə göstərdiyi əzmkarlıq və rəşadətin bir nümunəsidir.

Həmin illərdə Bakı SSRİ-nin ən vacib silah istehsalat mərkəzlərindən birinə çevrilmişdi. Artıq müharibə illərində Bakıda müxtəlif növlərdə silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu, qırıcı, maşın yığılan zavodlar yaradılırdı.1941 – 1945- ci illər Böyük Vətən müharibəsi illərində Azərbaycanın nəqliyyatçılarının və xalq təsərrüfatının da xüsusi fəaliyyəti olmuşdur. Bakı dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, o cümlədən 480 min vaqona qədər quru yük göndərilmişdir.

1941-ci ildə Azərbaycan SSR-də 66 hərbi hospital yaradılması, donor hərəkatının genişləndirilməsi, müxtəlif dərman preparatlarının hazırlanması, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” – nin yaradılması xalqımızın tibb sahəsində də necə fədakarlıq göstərdiyini bir daha sübut edir. Müharibə illərində dahi bəstəkarlarımız da vətənpərvərlik mövzusunda yeni əsərlər, mahnılar hazırlayaraq orduya və xalqa dəstək olmağa çalışırdı.

Ulu Öndər Heydər Əliyev Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu olduğunu hər zaman vurğulamış, müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirmişdir. Heydər Əliyev müharibə iştirakçılarına qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etməyin vacibliyini həmişə diqqət mərkəzində saxlamışdır. 1941 – 1945- ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qazanılan qələbə hər il ölkəmizdə dövlət səviyyəsində təntənəli olaraq qeyd edilir. Prezident İlham Əliyev hər zaman müharibə veteranlarına və onların ailə üzvlərinə olan qayğının artırılması üçün yeni sərəncamlar imzalayır, qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür. Hər il cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyi tərəfindən qəhrəmanlarımıza olan qayğını bir daha sübut edir.

 

İsrafil Kərimov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü