“Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Madər Musayev deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin memarıdır: “Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin misli yoxdur. İstər SSRİ dövründə respublikamıza rəhbərlik edəndə, istərsə də müstəqilliyimizi əldə edəndən sonra 90-cı illərin əvvəllərində, yəni yenidən hakimiyyətə gəldikdən sonra gördüyü işlər göz qabağındadır.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldiyi andan etibarən Azərbaycanı parçalanmadan xilas etdi və bütün dünyaya ölkəmizin birliyini nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyev öz xalqına, dövlətinə və torpağına sadiq şəxsiyyət idi. Ulu Öndərsiz illər çox faciəli olub. Həmin dövrlər ölkəmiz 20-30 mindən artıq şəhid verib, eləcə də həmin illərdə minlərlə insan əlil vəziyyətinə salınmışdı. Ulu Öndərin hakimiyyətdə olmadığı illərdə Azərbaycanın 20 faiz torpağı erməni silahlı qüvvələri tərəfindən işğal edildi və 1 milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurd yuvalarından didərgin düşdü. Məhz Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra Azərbaycanı bu bəladan qurtardı və ölkəmizi parlaq gələcəyə aparan möhkəm siyasətin əsasını qoydu”.
Deputat qeyd edib ki, Ümummilli Lider haqqında bir yazı, mövzu ətrafında danışmaq kifayət etməz. Heydər Əliyev Azərbaycanın dahi oğlu, əsl ziyalı və vətənpərvər, Azərbaycan dövlətinin memarıdır. Mənə nə xoş ki, həm Ulu Öndərin, həm də onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə qanunverici orqanın üzvü olmuşam. Ulu Öndər Heydər Əliyevdən hər zaman böyük diqqət və qayğı görmüşəm. Bu qayğının davamını Prezident İlham Əliyevdən də görürəm. Bu, məni çox sevindirir, həm də üzərimə daha böyük məsuliyyət qoyur. Bir məsələni də qeyd edim ki, bu gün ölkəmiz tam əmin əllərdədir. Hərdən fikirləşirəm ki, rəhmətlik Heydər Əliyev sağ olsaydı, bu gün ona baxıb haqlı olaraq qürur duyardı ki, özündən sonra xalq üçün yaxşı Prezident qoyub”.
M.Musayev söyləyib ki, Prezident İlham Əliyevin 20 il ərzində elədikləri saymaqla qurtarmaz: “Bu işlər təkcə xalqın yox ey, dünyanın gözündədi. 20 il böyük zaman kəsiyi deyil. Lakin keçdiyimiz yola nəzər salanda, prosesləri analiz edəndə görürük ki, bu dövrdə qazanılan uğurlar bir neçə onilliyə bərabərdir. Prezident İlham Əliyev ölkəmizin inkişafına nail olmaqla yanaşı, həm də beynəlxalq münasibətlər şəraitində istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarını təmin edir. Prezident İlham Əliyev beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılanır. Bu dövrün ən böyük tarixi uğuru isə 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsidir. 44 günlük müharibədə qazanılan zəfərlə Prezident İlham Əliyev Ulu Öndərin 2003-cü ildə xalqımıza müraciəti zamanı etdiyi vəsiyyəti yerinə yetirdi. Artıq ərazi bütövlüyümüz bərpa edilib, keçmiş məcburi köçkünlər tədricən doğma yurdlarına geri dönürlər. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda onların məşğulluğu, sosial rifahı üçün geniş imkanlar yaradılır. Bu amillərin hər biri Azərbaycanda həyata keçirilən sosial siyasətin ən mükəmməl nümunəsidir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında qeyd olunduğu kimi: “Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.