Müasir dünya göründüyündən xeyli kiçikdir. Amma olduğundan da çox rəngarəng və bənzərsizdir. Özü də informasiya əsrində.İnternet, media, peyk yayım sistemi, başqa texnoloji yeniliklər dünyanın bütün nöqtələrini əlçatan edib. Dünyanın ən ucqar nöqtəsində baş verən hadisə bir an içində bütün bölgələrdə və qitələrdə yaşayan əhaliyə çatdırıla bilir. Deyilənlər yalnız faktlara aid deyil. Bunlar həm də fikir, düşüncə, yaşam tərzi, maraq və arzular, estetik zövq, siyasi ideya və çoxsaylı başqa təfəkkür məhsullarını əhatə edir. Hazırkı dünyada bir növ eyniləşmə prosesi baş verir. Universallaşma günü-gündən sürətlənir, bir çox ideyalar ümumbəşəri xarakter alır. Bütün bunlar informasiya mübadiləsi əsasında baş verir.
İlk baxışda belə təsəvvür yarana bilər ki, dünyada müşahidə olunan informasiya axını xaos şəklində baş verir, heç bir qayda ilə tənzimlənmir, hər bir dövlət istədiyi informasiyanı dünya bazarına atır. Əslində isə vəziyyət xeyli dərəcədə fərqlidir. Dünyada hökm sürən çoxşaxəli informasiya axını dünya birliyi tərəfindən müəyyən edilmiş norma və prinsiplər əsasında baş verir. Bu qaydalar ilk növbədə beynəlxalq təşkilatlar tərəfindən işlənib hazırlanır və üzv ölkələrlə razılaşdırılır. Beləliklə, razılaşdırılmış qaydalar həm də mövcud sənədi imzalamış ölkələrin dövlət öhdəliyinə çevrilir.
Hazırkı dövrdə beynəlxalq xarakter daşıyan norma və prinsiplər daha çox media sahəsində özünü göstərir. Kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminə aid bir çox dəyərlər, demək olar ki, bütün dünyada getdikcə eyniləşir. Redaksiyanın təşkili prinsiplərindən başlayaraq jurnalist materiallarının yaradıcılıq xüsusiyyətlərinə qədər. Bunların sırasında ən vacibləri bunlardır: KİV-in cəmiyyətdə yeri və rolu, KİV vahidlərinin qeydiyyat tələbləri, medianın funksiyaları, KİV-in iqtisadi meyarları, söz və mətbuat azadlığının tələbləri, senzuranın yolverilməzliyi, media vasitəsinin təşkili prinsipləri, naşirin, redaktorun, jurnalistlərin vəzifələri, jurnalistin fəaliyyət prinsipləri, etik qaydalara riayət etməyin vacibliyi, şəxsi həyatın toxunulmazlığı, redaksiya materiallarının açıqlanmaması, informasiyanın toplanma qaydaları, plüralizm, KİV-dövlət münasibətləri, dövlət informasiyasının şəffaflıq meyarları, dövlət informasiyasına giriş və bir çox başqa dəyərlər.
Jurnalistika fakültəsində tədris olunan kurslar sırasında “Beynəlxalq jurnalistika” ən əhəmiyyətli, maraqlı və daima müasir olan fənn hesab olunur. Təsadüfi deyildir ki, hələ əvvəlki dövrlərdən başlayaraq hər bir tələbə-jurnalist gələcəkdə beynəlxalq jurnalistika sahəsində çalışmağı arzulayırdı və bunu özünün başlıca məqsədi hesab edirdi. Amma nəzərə almaq lazımdır ki, “beynəlxalq jurnalistika” anlayışı əvvəlki dövrlərlə müqayisədə kifayət qədər dəyişib və yeni məzmun daşıyır.
Məsələ burasındadır ki, uzun illər ərzində “beynəlxalq jurnalistika” anlayışı özündə yalnız ölkənin xarici siyasəti ilə bağlı mövzulara müraciət etməyi nəzərdə tuturdu. Yəni beynəlxalq mövzuları şərh edən, xarici siyasət məsələlərini açıqlayan, ölkə diplomatlarının və diplomatik korpusun gedişlərini təbliğ və təqdir edən, bu sahədə püxtələşən, publisistik materiallarla sistematik şəkildə çıxış edən media nümayəndələrinə “beynəlxalq jurnalist” deyirdilər.
Əslində isə bu anlayışın məzmunu çox genişdir. Üstəlik o da aydın olur ki, əvvəlki dövrdə beynəlxalq jurnalistikanın mahiyyəti düşünülmüş formada təhrif olunurdu. Çünki bu sahə həddən artaq ideologiyalaşmışdır. “Beynəlxalq jurnalistika”nın mahiyyətinin elmi cəhətdən düzgün izah edilməsi, onun tədris proqramının obyektiv şəkildə işlənib hazırlanması və bu konsepsiya üzrə mütəxəssislərin yetişdirilməsi məlum ideologiyaya xidmət edən təhsil sisteminə uyğun gələ bilməzdi.
Beləliklə, qarşıda duran əsas vəzifələrdən biri “Beynəlxalq jurnalistika” kursunun və ixtisas sahəsinin mahiyyətini düzgün, hərtərəfli və dolğun açmaq, izah etmək və aydınlaşdırmaqdır. İlk növbədə vurğulamaq lazımdır ki, beynəlxalq jurnalistikanın bir sıra əsas istiqamətləri var. Bunlardan birincisi və ən böyük əhəmiyyət daşıyanı ondan ibarətdir ki, bu kurs beynəlxalq təşkilatların media sahəsindəki fəaliyyətini əhatə edir. Bu mənada tələbələrə hərtərəfli açıqlamaq lazımdır ki, beynəlxalq təşkilatlar necə yaranır, hansı məqsədlərə xidmət edir, necə fəaliyyət göstərir və s.
Beynəlxalq jurnalistika dövlətlərarası informasiya mübadiləsini və informasiya münasibətlərini əhatə etməklə dünya siyasətinin bir hissəsi kimi çıxış edir və dövlətlərarası ümumdünya və regional təşkilatların KİV-in inkişafı sahəsində fəaliyyətini əhatə edir. Hazırda dünyada dörd mindən artıq beynəlxalq təşkilat var ki, onların 300-dən artığı dövlətlərarası birliklər şəklində çıxış edir. Dövlətlərarası təşkilatlar vasitəsilə söz, mətbuat və fikir azadlığına dair beynəlxalq hüquq normaları formalaşdırılır. BMT, Avropa Şurası, ATƏT və başqa beynəlxalq təşkilatlar çoxsaylı sənədlər qəbul etmiş, normativ-hüquqi aktlar müəyyənləşdirmişdir. Üzv dövlətlər həmin beynəlxalq hüquq normalarını bu və ya digər dərəcədə nəzərə alır və onlardan istifadə edirlər. Dövlətlərarası saziş və müqavilə statusu daşıyan beynəlxalq sənədlərin hüquqi prinsipləri, müəyyən etdikləri qaydalar üzv dövlətlər üçün mütləq xarakter daşıyır. Media fəaliyyətinin əsaslı bölməsi kimi beynəlxalq jurnalistika KİV-in beynəlxalq aspektlərini, dövlətlərarası normativ prinsipləri, informasiya fəaliyyətinin standartlarını, o cümlədən, informasiyanın istehsalı, toplanması, mühafizəsi və müasir kommunikasiya vasitəsi ilə yayımını nəzərdə tutur.
Beynəlxalq jurnalistika problemlərini araşdırarkən KİV vasitələrinin formalaşmaqda olan informasiya cəmiyyətinə uyğunlaşması və bu proses zamanı baş verən forma və məzmun dəyişikliklərini xüsusi təhlil etmək gərəkdir. Müasir dövrdə multimedia və qlobal informasiya şəbəkələrinin sintezi nəticəsində “yeni media” (new media) sistemi formalaşmaqdadır və bu mənada İnternet- jurnalistikanın beynəlxalq aspektləri hərtərəfli araşdırılmalıdır.
Müasir dövrdə dünyada yeni geosiyasi şərait yaranmışdır və inteqrasiya meylləri gündən-günə daha da güclənir. Artıq heç bir dövlət qonşu ölkələrdən təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. Hər bir ölkə bütün sahələrdə, o cümlədən, informasiya və özünüifadə azadlığı sahəsində yaxın və uzaq qonşusundan yararlanmağa çalışır. Hazırda Azərbaycan Respublikası da başqa ölkələrin tarixi təcrübəsindən hərtərəfli istifadə etməyi qarşısına bir məqsəd kimi qoymuşdur.
Beynəlxalq jurnalistikanın vacib elmi, nəzəri və praktiki istiqamətlərindən biri qabaqcıl və inkişaf etmiş ölkələrin KİV qanunvericiliyindəki inteqrasiya meyllərinin araşdırılmasıdır. Xüsusi qeyd etmək lazımdır ki, başqa sahələrdə olduğu kimi, informasiya, söz, mətbuat və özünüifadə azadlığı sahəsində də Avropa ölkələrinin böyük tarixi təcrübəsi var. Tarix boyu bu ölkələr bir-birindən çox yararlanmış və inteqrasiya sahəsində böyük uğurlar qazanmışlar. Aparılan araşdırmalar göstərmişdir ki, hər bir ölkənin dövlət-hüquq sistemi və mediaya dair normativ-hüquqi aktları bir tərəfdən həmin xalqın tarixindən, sosial-iqtisadi həyatından, mədəniyyətindən, dövlətçilik təcrübəsindən, ideoloji dəyərlərindən, özünəməxsusluğundan qaynaqlanmışdırsa, digər tərəfdən qonşu dövlətlərin təcrübəsindən götürülmüş və müqayisəli hüquq vasitəsilə mənimsənilmişdir. Nəticədə əksər qabaqcıl ölkələrin KİV qanunvericiliyində çox sayda oxşar, ortaq meyarlar formalaşmışdır.
Artıq bütün dünyada jurnalist və media fəaliyyətinə ortaq peşə sahəsi kimi baxılır. Beynəlxalq jurnalistika dünya publisistikasını təhlil edir, xarici jurnalistlərin yaradıcılıq laboratoriyasını hərtərəfli araşdırır, media nümayəndələrinə müasir peşə sirlərinə yiyələnmək yollarını açıqlayır, yeni yaradıcılıq texnologiyasından, onun əlverişli forma və metodlardan istifadə etmək imkanlarını müəyyən edir. Onu da qeyd etmək yerinə düşər ki, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi sahəsində beynəlxalq aləmdə mövcud olan peşə, yaradıcılıq meyarları ilə postsovet məkanında uzun illər ərzində tədris olunmuş media qaydaları arasında böyük fərqlər mövcuddur. Bunlar ilk növbədə materialların janr xüsusiyyətlərinə, informasiyaya çatım qaydalarına, jurnalist-məmur münasibətlərinə və s. aiddir. Peşə fəaliyyətinə dair beynəlxalq təcrübədə mövcud olan dərin və ətraflı bilgilərin tədqiq edilməsi məhz beynəlxalq jurnalistikanın üzərinə düşür.
Qeyd etmək lazımdır ki, müasir dövr jurnalistikasında praktik yönümlü bilik və təcrübəyə böyük önəm verildiyi üçün beynəlxalq kommunikasiya münasibətlərinin inkişafı, ictimaiyyətlə əlaqənin təşkili (Pablic Relations) və dövlət idarəetmə orqanlarının məlumatlandırılması (Government Relations) problemləri xüsusi əhəmiyyət kəsb edir. Müasir PR işçisi böyük erudisiyaya, yüksək biliyə malik, insanlarla ünsiyyət qurmaq və onlara təsir etmək metodologiyasına sahib olan peşəkardır. Hazırda ictimaiyyətlə dövlət orqanları arasındakı münasibətləri tənzimləyən və siyasi menecment funksiyasını yerinə yetirən qurum kimi “dövlət orqanları ilə əlaqə” (Government Relations) qurumları çıxış edir. GR sahəsində çalışan şəxs sosial-siyasi proseslərə təsir etmək bacarığına malik, dövlət idarəetmə orqanlarında və biznes qurumlarında fəaliyyət göstərməyə hazır olan mütəxəssisdir. O, geniş, dərin biliyə və böyük qabiliyyətə sahib olmalıdır ki, baş verən prosesləri müstəqil şəkildə təhlil edib, idarəetmə mexanizmlərindən yararlanaraq hadisələri uyğun məcraya yönəldə bilsin.
Beynəlxalq jurnalistikanın vacib istiqamətlərindən biri regional və transmilli informasiya məkanının, dünya miqyasında fəaliyyət göstərən və yayımlanan kütləvi informasiya vasitələrinin fəaliyyətinin təhlilidir. İnformasiya sahəsinin milli, regional və transmilli olması əsasən media vasitəsinin xarakteri, neçə dildə yayımlanması və texniki vasitələrin yaratdığı imkanlarla müəyyənləşir. Düzdür, bəzən müəyyən bir yerli mətbuat orqanında və yaxud teleradio kanalında yayımlanan sensasiya ilə dolu material milli və regional sərhədləri aşaraq dünyanın müxtəlif ucqar nöqtələrində insanların diqqətinə hakim olur. Belə faktlar əsasən həmin informasiyanın təsirliliyi ilə bağlıdır. Əksər hallarda isə hər bir informasiya vasitəsinin öz yayım sahəsi və əhatə dairəsi mövcuddur. Ölkə daxilində fəaliyyət göstərən media vasitəsinin əhatə dairəsi daha çox milli ərazi ilə məhdudlaşır. Amma elə media vasitələri də var ki, qarşılarına qoyduqları məqsədlərə uyğun olaraq onların fəaliyyəti nəinki hər hansı bir regionu, hətta dünyanın bir çox bölgələrini əhatə edir. Bunlar transmilli mətbuat orqanları, dünya informasiya agentlikləri, “dünya” televiziya və radio kanallarıdır.
Beynəlxalq jurnalistika müxtəlif ölkələrdə fəaliyyət göstərən mətbuat orqanlarının, informasiya agentliklərinin, televiziya və radio kanallarının, media şirkətlərinin ikitərəfli və çoxtərəfli əlaqələrini araşdırır, onların yaratdıqları birliklərin, təşkilatların, alyansların informasiya siyasətini tədqiq edir, KİV vasitələri arasında mövcud olan informasiya mübadiləsinin təşkili prinsiplərini və mahiyyətini hərtərəfli təhlil edir.
Beynəlxalq jurnalistikanın elmi və tədrisi-nəzəri istiqamətlərindən biri də media nümayəndələrinin ümumdünya miqyasında “korporativ” maraqlarının aydınlaşdırılması, öyrənilməsi və bunun əsasında peşə həmrəyliyinin araşdırılması və mənimsənilməsidir. Dünyanın istənilən yerində jurnalistlərin oxşar problemləri və qarşıda duran vəzifələri var. Bunların həlli üçün media nümayəndələri regional və ümumdünya jurnalist təşkilatlarında birləşirlər. KİV əməkdaşlarının hüquqlarının müdafiəsi, onların peşə bacarıqlarının yüksəldilməsi ilə yanaşı bu təşkilatların əsas funksiyalarından biri də media nümayəndələrinin davranış kodekslərinin hazırlanması və təbliğidir. Jurnalist həmrəyliyinin vacibliyi, onun təşkili məsələləri və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların fəaliyyətinin öyrənilməsi beynəlxalq jurnalistikanın əsas vəzifələri sırasına daxildir.
Göründüyü kimi, beynəlxalq jurnalistika problemlərinin ən üstün cəhəti onların müasir səslənməsi və həyatın tələbləri ilə uzlaşmasındadır. Son illər bir sıra Qərb universitetlərində, o cümlədən, London Citi Universitetində bu ixtisas üzrə magistr proqramı formalaşmış və bu sahədə mütəxəssis hazırlığına başlanmışdır. Rusiya Federasiyası, Belarus, Qazaxıstan və başqa postsovet ölkələri universitetlərində, o cümlədən, Moskva Dövlət Universitetində və Moskva Beynəlxalq Münasibətlər İnstitutunda isə tədris proqramlarının mahiyyəti və alimlərin problemlərə elmi-nəzəri baxışları əvvəlki ənənəvi düşüncədən uzağa getməmişdir. Belə ki, Rusiya alimləri öz ölkələrini dünya siyasətində dominant dövlət hesab edərək beynəlxalq təşkilatların, o cümlədən, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və başqalarının fəaliyyətini ön plana çəkmir və real, obyektiv qiymətləndirməyə çalışmırlar. Bu mənada beynəlxalq jurnalistikanın formalaşması prosesində əhəmiyyətli yer tutan medianın beynəlxalq hüquqi prinsipləri, dövlətlərarası təşkilatların KİV-in inkişafı sahəsində fəaliyyəti onların məqsədyönlü elmi araşdırma dairəsinə daxil edilməmişdir.
Azərbaycanda beynəlxalq jurnalistika problemlərinin araşdırılması və bu sahə üzrə mütəxəssis hazırlığına müstəqilliyimizin ilk günlərindən, yəni 1991-ci ildən Bakı Dövlət Universitetində başlanmışdır. 1991-ci ildə BDU-nun Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsində şöbə kimi fəaliyyət göstərən beynəlxalq jurnalistika ixtisasının tədris planının və fənn proqramlarının hazırlanması hazırda “Beynəlxalq jurnalistika: təşəkkül prosesi və demokratik ölkələrin media təcrübəsi” əsərinin müəllifi S.Məmmədli tərəfindən həyata keçirilmiş, qabaqcıl meyarlara əsaslanmış və bütövlükdə demokratik cəmiyyət quruluşuna yönəlmişdir. 1997-ci ildən isə BDU-da beynəlxalq jurnalistika ixtisası üzrə magistr hazırlığına başlanmış və bir müddət sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən beynəlxalq jurnalistikanın ixtisas indeksi təsdiq edilmişdir. Amma təəssüflər olsun ki, indiyədək bütöv bir əsərdə beynəlxalq jurnalistikanın konseptual əsasları elmi cəhətdən təhlil edilməmiş və ictimai, humanitar ixtisaslar sırasında onun yeri yalnız ümumi şəkildə müəyyənləşmişdir.
Hacıbaba Mustafayev