Tam fəaliyyət qabiliyyəti olmayan, yaxud qəyyumluq və ya himayəçilik altında olan şəxslər məhkəmədə nümayəndə ola bilməzlər.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, Hakimlər, müstəntiqlər, prokurorlar, Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, onların prosesdə müvafiq orqanın səlahiyyətli təmsilçiləri və ya qanuni nümayəndələr kimi iştirak etdiyi hallar istisna edilməklə, məhkəmədə nümayəndə ola bilməzlər.
Şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola bilməz.
Mediator mediasiya predmeti olan mübahisə üzrə məhkəmə prosesində tərəflərdən hər hansı birini təmsil edə bilməz.