Heftelik.az Kulis.az-a istinadən Mirmehdi Ağaoğlunun yeni yazısını təqdim edir.
Ötən həftə Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovun ölümü sosial mediada müzakirələrə səbəb oldu, bir sıra ittihamlar irəli sürüldü. İttihamların çoxu birmənalı olaraq Mədəniyyət Nazirliyinə yönəldi. Halbuki bildiyim qədəri ilə mərhum incəsənət adamı deyildi. Nazirlik isə bizdə adətən dövlət qurumlarının etdiyini təkrarlayaraq guya eşitmirmiş kimi susqunluq göstərmədi. Əksinə, adekvat davranaraq ittihamlara cavab verdi. Səyavuş Aslanın oğlunun dəfn işləri ilə bağlı məsələlərin diqqətdə saxlanıldığı bildirildi.
Birinci dəfə deyil, bundan əvvəl də oxşar mənzərələrlə qarşılaşmışıq. Aktyor xəstələnib, müalicəyə imkanı olmayıb, üz tutub Mədəniyyət Nazirliyinə, müvafiq xəstəxanaya yerləşdirilib, müalicəsi aparılıb. Yaxud aktyor xəstələnib, müalicəyə imkanı olmayıb, üz tutub Mədəniyyət Nazirliyinə, lakin diqqət görməyib, məsələ mətbuata çıxaraq şişib. Və ya aktyor ölüb, ailə gözləyib, Mədəniyyət Nazirliyindən dəfnlə bağlı bir hərəkət olmayıb, sonra mərhumun ailəsi hay-küy salıb, zor-xoş “Qurd qapı”sında 2 metr yer ayrılıb.
Diqqət məsələsində razıyam, xüsusən yaşlı nəsildən olan sənət adamlarına qayğı göstərilməsi labüddür, nazirliyin də borcu onlara mütəmadi diqqət ayırmaqdır.
Lakin yeri gəldi-gəlmədi hər məsələdə nazirliyi ittiham etmək nə dərəcədə doğrudur?
Aktyor Ənvər Həsənovun timsalında ailəsi Mədəniyyət Nazirliyindən heç kəsin onlarla maraqlanmadığından şikayətlənir(di). Xalq artisti Ramiz Məlik dərmanların bahalığından dərdlənir, yenə də Mədəniyyət Nazirliyi ittiham edilir. Elxan Qasımov üçün nazirlik işini ehtiyatlı tutub, yarpaq kimi əsir…
Nümunələri bir qədər də uzatmaq olar…
Lakin burada ortaya belə bir sual çıxır: bunlar Mədəniyyət Nazirliyinin funksiyasıdırmı? Aktyor Səyavuş Aslanın oğlunun dəfnini Mədəniyyət Nazirliyi həyata keçirməliydimi? Ramiz Məlikin dərman ala bilməməsinin (onsuz da ölkədə dərmanların bahalığından şikayət etməyən qalmayıb, iş o yerə çatıb ki, deputatlar da dilə gəlib) günahı Mədəniyyət Nazirliyindədir? Əlbəttə, keçmişə gedib, bağlı sandıqları açaraq Mədəniyyət Nazirliyini dərman məsələsində olmasa da “pambıq” məsələsində təqsirkar çıxarmaq da olar, lakin yazının istiqamətini dəyişər deyə o mövzulara toxunmayaq, indidən danışaq ki, bəs başqa nazirliklərin, məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin funksiyası nədir? O hara baxır?
Bunu bir neçə dəfə demişəm, yenə də sözümün üstündə dururam ki, biz bütün sahələrdə çağdaş metodlara keçsək də bircə mədəniyyətin idarə edilməsində hələ də Sovet qaydalarını yaşatmağa davam edirik. Biryolluq bu qaydalardan əl götürə bilmirik.
Otuz ildir müstəqilik, lakin mədəniyyətə sovet yanaşması hələ də davam edir.
Dərd orasındadır ki, Mədəniyyət Nazirliyi, onun timsalında dövlət də bu ənənəni saxlayır. Əgər dövlət mədəniyyətin idarə edilməsində sovet qaydalarından əl çəksə, bu cür dolaşıq məsələlər yaranmaz. Dövlət əvvəldən bu kimi məsələlərdə öz üzərinə lazımından artıq məsuliyyət götürür. Sonra da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədikdə narazılıqlar, şikayətlər ortaya çıxır.
Gəlin, açıq danışaq. Mən heç Avropanı demirəm, görürsünüzmü, Türkiyədə, Gürcüstanda, lap elə Ermənistanda incəsənət adamı xəstələnsin, oranın Mədəniyyət Nazirliyi də həmin adamın müalicəsi ilə məşğul olsun, mətbuata müxtəlif açıqlamalar versin, xəstənin nəzarətə götürüldüyünü dəfələrlə vuğulasın? Mən şəxsən rast gəlməmişəm. Ola bilsin, Rusiyada belə nümunələr görmək olar, bu da ona görədir ki, Rusiyada da müəyyən mənada sovet ənənəsi qalıb.
Mən başa düşürəm, Ənvər Həsənov, Ramiz Məlik və bu nəsildən digər sənət adamları da Sovet dövründə yağ içində böyrək kimi yaşamış, o dövrün dövlət-sənətkar münasibətlərini görmüş incəsənət xadimləridirlər. İndi də laqeydliklə rastlaşanda inciyirlər. Çünki əvvəldən belə görüblər. Böyük sovetlər dövlətində yaşayırdılar, sənətə kifayət qədər diqqət (vəsait) ayrılırdı, sənət adamları hər cür qayğı ilə əhatə olunurdu, layiq oldu, yaxud olmadı.
Lakin indiki dövrdə dövlətin mədəniyyət sahəsinə izafi diqqət ayırması praktiki cəhətdən mümkün deyil. Bunun üçün indi dövlət, necə deyərlər, o yükü çiynindən atmalıdır. İlk növbədə dövlət sənətə münasibətini dəyişməli, liberal islahatlara can atmalı, özünü müxtəlif məsuliyyətlərdən, eləcə də müdaxiləçi funksiyasından imtina eləməlidir. Əgər dövlət mədəniyyət siyasətini dəyişsə, aktyorlar da xəstələnəndə Mədəniyyət Nazirliyindən yox, təyinatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Səhiyyə Nazirliyindən, TƏBİB-dən, İTSDA-dan yapışacaqlar. Necə ki, başqa sahələrin adamları belə edirlər. Yox, əgər dövlətin mövcud siyasəti dəyişməsə, bundan sonra da sənət adamları başları ağrıyan kimi “Spazmalqon”u Mədəniyyət Nazirliyindən istəyəcəklər.
Tərslikdən Mədəniyyət Nazirliyində son beş ildə baş verən təbəddülatlar da mədəniyyət siyasətinə təsirsiz ötüşməyib, inkişafdan saxlayıb. Ümid edək ki, budəfəki heyət yeniliklər həyata keçirəcək, iflic olmuş mədəniyyət sahəsinin qıcını açacaq.
Bu yaxınlarda keçirilən Teatr, Kino forumlarını da yenilik cəhdlərindən saymaq olar. Lakin hər iki forumdan sonra gəldiyim qənaət bunu deməyə əsas verir ki, nazirlik bu iki sahəni öz nəzarətində saxlamağa çalışır, yəni köhnə qaydalardan əl çəkmək istəmir. İşin ən pis tərəfi isə incəsənət adamlarının da bunu arzulamasıdır. Teatr forumundakı çıxışların çoxundan yaranan təəssürat bu idi ki, aktyorlar da dövlət nəzarətinin azalmasını istəmir, əksinə, daha çox umurlar. Təəssüf.
Belə olan halda indi rastlaşdığımız mənzərə hələ uzun müddət davam edəcək, sənət mühitini inkişafdan saxlayacaq. (Çünki dövlətin tumarlı əli daim üstündə olandan sonra aktyor, rejissor neyləyir özünü inkişaf etdirməyi, yeni tamaşalar qoymağı, axtarışlar aparmağı. Bu nümunəni yazıçılar, rəssamlarla bağlı da aparmaq olar). Mədəniyyət Nazirliyi də özünün əsas funksiyasını unudub ölən aktyor və aktrisalar üçün qəbir yeri axtarmaqla məşğul olacaq, xəstələnənlərə təcili yardım çağıracaq. Necə ki, forumda Afaq Bəşirqızı lap qabağa gedərək aktyorlar üçün xüsusi qəbiristanlıq ayrılmasını istədi.
Belə çıxmasın ki, mən sənət adamlarına qayğı göstərilməsinin əleyhinəyəm. Əsla, mən bu ölkədə yaşayan hər bir vətəndaşın dövlətin sosial qayğısından eyni dərəcədə faydalanmasının tərəfdarıyam, fərq qoyulmadan.
Bunun üçün də ilk addımı dövlət atmalıdır. Yazıda da bir neçə dəfə səsləndirdiyim kimi dövlət sənət mühitində əsas aktorlardan biri olmaq yerinə kənara çəkilməli, müəyyən səmərəli layihələrin həyata keçirilməsinə təkan verən orqan olmalıdır. Yəni dövlət sənət proseslərinin birbaşa iştirakçısı olmaqdan çıxıb menecer kimi istiqamət verməli, mədəniyyət mühitinin azad şəkildə nəfəs almağını təşkil etməlidir.
Onda Mədəniyyət Nazirliyi də başqa nazirliklərin, yaxud əlaqədar qurumların görməli olduğu işi yerinə yetirməyəcək. Heç kəs də onlardan nəsə tələb etməyəcək.
Ümid edək ki, yeni formalaşan nazirlik bu barədə ətraflı düşünəcək, səmərəli qərarlar veriləcək.
Onda bizim də dərdimiz növbəti forumlarda ancaq sənət olar, sosial problemlər yox.