Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq 2023-cü ilin 15 fevral tarixindən 18 mart tarixinədək Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditini həyata keçirib.
Heftelik.az-ın məlumatına görə, qurum un subsidiyasının verilməsi üzrə rəqabət mühiti təmin etməyib. Belə ki, subsidiya üzrə 2021-ci ildə icra edilmiş 18 milyon 474 min 308,34 manat, 2022-ci ildə icra edilmiş 6 milyon 938 min 485,19 manat vəsait NMR-nın Kənd Təsərrüfatı Nazirliyinin maliyyə hesabatlarında əksini tapmayıb.
Məlumatda həmçinin, satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyinin xətti ilə un istehsalçılarına köçürülmüş 1,3 milyon manat məbləğində subsidiya vəsaitlərinin yalnız 1 istehsalçı olmaqla “Gəmiqaya Holdinq”in istifadə etdiyi qeyd edilib.
Qeyd edək ki, “Gəmiqaya Holdinq” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailəsinə məxsusdur.