65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsi ilə bağlı qanuna edilmiş dəyişikliyi doğru hesab etmirəm.
Heftelik.az-ın məlumatına görə, bunu “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, yaş insanın əmək fəaliyyətinə mane ola bilməz:
“Özünü sağlam hiss edən, sertifikasiyadan keçən adamların işdən azad edilməsi ədalətsizlikdir. Biz çalışağıq ki, bu məhdudiyyəti aradan qaldıraq”.
Musa Quliyev qeyd edib ki, bu dəyişiklik Milli Məclis tərəfindən irəli sürülməyib:
“Bu dəyişiklik müvafiq icra hakimiyyəti orqanları tərəfindən gəlib və doğru deyil. Bu məsələdə ən çox aqressiv münasibət TƏBİB tərəfindən göstərilir. Yaşı tamam olan şəxsi həmən işdən azad edirlər. Bizə bununla bağlı müraciətlər olur. Lakin TƏBİB və Səhiyyə Nazirliyindən bildirilir ki, yaşı tamam olanlar işdən uzaqlaşdırılmalıdır. Nəzərə alaq ki, həkimlərimizin pensiyaları da o qədər yüksək deyil ki, işdən çıxdıqdan sonra yaşayışlarını normal şərtlər daxilində davam etdirsinlər. Psixoloji sosial sağlamlıqdan danışırıqsa, elə özümüz bu addımı atmaqla onların psixoloji sosial vəziyyətinə zərbə vurmuş olduğumuzu nəzərə almalıyıq”.