Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələməyə görə cəzalar açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, istehsalat və məişət tullantıları ilə çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna daxil olmayan ağac və ya kol əkililəri və digər yaşıllıqları məhv etmə və ya zədələmə iki min manatdan üç min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.