İyulun 7-də məşhur gürcü dövlət xadimi, SSRİ-nin xarici işlər naziri (1985-1990) olmuş və müstəqil Gürcüstan Respublikasının prezidenti (1995-2003) postunda çalışmış Eduard Şevradnadze 86 yaşında dünyasını dəyişdi. O, SSRİ kimi superdövlətin xarici siyasət idarəsinin rəhbəri olaraq, XX əsrin II yarısında qlobal miqyasda baş verən proseslərdə – “Soyuq müharibə”nin başa çatdırılmasında, Almaniyanın vahid dövlət halında birləşməsində, Əfqanıstandan sovet qoşunlarının çıxarılmasında aktiv iştirak edib. Sonralar isə doğma vətəni- Gürcüstanın müstəqilliyinin möhkəmlənməsi üçün çalışıb.
Kifayət qədər eniş-yoxuşlu siyasi karyeraslı olan Şevradnadze bu müddətdə sui-qəsdlərdə, korrupsiya ittihamında, hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirməkdə ittiham olunub. Lakin şəxsi müstəvidə gürcü siyasi xadimin həyatı kifayət qədər stabil və xoşbəxt olub.

Heftelik.az Vüqar İsmayılovun Eduard Şevradnadzenin şəxsi həyatı və ailəsi ilə bağlı yazısını təqdim edir.


Eduard Şevardnadzenin həyat yoldaşı Nanuli Çaqareyşvili-Şevardnadze 1929-ci ildə anadan olub. Onun atası Sovet ordusunun zabiti idi. 30-cu illərdə Stalinin orduda başladığı “təmizləmə əmliyyatları”nın qurbanlarından biri də Nanulinin atası olub. “Xalq düşməni”nin qızı kimi damğalanan Nanuli Çaqareyşvili uzun illər buna görə natamamalıq kompleksi keçirib. Hətta buna görə 50-ci illərin əvvəllərində Edurad Şevradnadze ona evlilik təklifi edən zaman bu təklifi rədd edib. Nanuli karyera pilləsində uğurla irəliləyən, yenicə partiya məktəbini bitirib Kutaisi Pedoqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuş və Kutaisi Vilayət Komsomol Komitəsində yeni vəzifəyə dəvət olunan gənc Edurad Şevardnadzenin qarşıdakı yüksəlişlərinə əngəl olmaq istəməyib. Lakin sonda inadkar siyasətçi sevdiyi qadının qəlbini fəth edə bilib. Cütlüyün iki övladı – oğulları Paata və qızları Manana anadan olub.

Nanuli Çaqareyşvili rus dili üzrə mütəxəssis sayılırdı. O, Şevardnadze ilə ailə qurduqdan sonra 60-70-ci illərdə jurnalist kimi fəaliyyət göstərib və bir müddət Tbilisidə “Dünya hər kəs üçün” adlı qadın qəzetinin baş redaktoru kimi çalışıb. Nanuli Çaqareyşvili 1985-ci ildə Siyasi Büronun üzvü seçilən və SSRİ xarici işlər naziri təyin olunan əri ilə Moskvata köçüb. 1991-ci ildə SSRİ-nin süqutu və Şevardnadzenin Gürcüstan hakimiyyət uğrunda silahlı mübarizəyə qoşulmasından sonra isə bütün ailə Gürcüstana geri qayıdıb.

1995-ci ildə Gürcvüsatnın birinci ledisi kimi Nanuli Çaqareyşvili xeyriyyəçiliklə məşğul olub. O, “Gürcüstanın qadınları sülh uğrunda mübarizədə” adlı ictimai birliyin rəhbəri kimi Abxaziya və Cənubi Osetiyadan olan gürcü qaçqınlara maddi və psixoloji dəstəyin təşkil olunmasına yardımçı olub. Təxminən bu zamanlardan başlayaraq Nanuli Şevardnadzenin qan-qamar sistemində problemlər ortaya çıxıb. Xüsusilə ayaqlarındakı problemlər onun yeriməsini çətinləşdirib. Həmin dövrdə gürcü jurnalistlərinə qeyri-rəsmi qadağa da mövcud idi – operatorlar birinci ledini rəsmi səfərlər və görüşlər zamanı yalnız qurşaqdan yuxarı çəkə bilərdilər. 2003-cü ilin noyarbında Eduard Şevardnadze prezident postundan istefa verdikdən sonra onun ailəsi Tbilisini tərk etmir. Onalr Tbilisinin Krçanisi adlanan səmtindəki şəxsi evlərində yaşamağa başlayırlar. Lakin Eduard Şevardnadze və Nanuli Çaqareyşvilinin sabiq prezident və birinci ledi statusundakı birlikləri çox davam etmir. 2004-cü il oktyabrın 20-də 75 yaşlı Nanuli Çaqareyşvili miokard infarktından dünyasını dəyişir. Bu zaman Almaniyada, daha dəqiq desək, Münhendə beynəlxalq konfransda olan Edurad Şevardnadze həyat yoldaşının ölüm xəbərini alan kimi vətəninə geri dönür. Nanuli Çaqareyşvili  rəsmi dövlət mərasimi ilə son mənzilə yola salınır. Onu Krçanisidəki evlərinin həyətində dəfn edirlər. Həyat yoldaşına çox bağlı olan Şevardnadze 2007-ci ildə “Asaval-Dasavali” qəzetinə müsahibəsində öləcəyi təqdirdə 53 il evli olduğu həyat yoldaşının yanında dəfn olunmağını vəsiyyət etdiyini söyləşmişdi.



Paata Şevardnadze
 – Gürcüstan prezidentinin oğludur. Paata hüquq təhsili alıb. Buna baxmayaraq, Sovet dövründən diplomatik karyeraya başlayıb. Uzun illər ərzində o,YUNESKO-nin Parisdəki ofisində çalışıb. Gürcüstandakı daxili siyasi çəkişmələrdən həmişə kənarda qalan Paata Şevardnadze ictimai diqqətdən yayınmağa üstünlük verib. O, Nino Qurmanovna Axvlediani ilə ailə həyatı qurub. Eduard Şevardnadzenin dövründə Paata Şevardnadzenin qaynatası Quram Axvlediani Gürcüstan Sənaye-Ticarət Palatasının sədri olub. Bu nikahdan onların 4 övladı – qızları Mariam, Nanuli, Sofiko və oğulları Laşa dünyaya gəlib.
Edurad Şevardnadzeinn nəvələri arasında Sofiko Şevardnadze xüsusilə seçilib. 1978-ci il sentyabrın 23-də Tbilisində anadan olan Sofiko uşaqlıq dövrünü Mokvada keçirib. Sonlara Paris Konservatoriyasını, 2001-ci ildə Boston Universitetinin rejissorluq fakültəsini bitirib, 2005-ci ildə isə Nyu-York Universitetinin jurnalistika ixtisasına yiyələnib. Amerikanın “ABC” telekanalında 2001-2003-cü illərdə prodüser kimi çalışan Sofiko babasının ən sevilmi nəvəsi hesab olunurdu.


2005-ci ildə o gözlənilməz addım ataraq Kremlin Avropada təbliğat ruporu kimi yaradılan “Russiya Today” telekanalına keçibr. Burada “Müsahibə” adlı proqramın aparıcılığını edən Sofiko Şevardnadze hətta öz babası ilə də maraqlı müsahibə təşkil edə bilib. O, hazırda “Exo Moskvı” radiostansiyasının əməkdaşıdır. Hələ ki subay olan Sofiko Şevardnadze 2011-ci ildə qardaşı Laşa Şevardnadzenin yeni doğulun körpəsinin xaç anası olub.
Çoxsaylı müsahibələrində Sofiko Şevardnadze Boston Universitetində tanış olduğu Bəşər adlı türk tələbə ilə 3 il sevgili qaldığını bildirib. Daha sonra isə Nyu-York Universitetində tanış olduğu gürcü əsilli rejissorla sevgili olur. Sofiko Şevradnadze etiraf edir ki, sevgilsi ilə rəsmi nikah mərasiminə 1 ay qalmış onu sevmədiyini anlayır və toyu ləğv edir.
Eduard Şevardnadzenin bu ərköyün nəvəsinin tanınmış rus aktyoru Aleksey Çadovla da sevgi münasibətləri olub.

Eduard Şevardnadzenin digər nəvəsi Nanuli Şevardnadze isə Parisin prestijli Alsacienne məktəbini bitirib. Hazirda Nyu-Yorkda yaşayan prezident nəvəsi aktirsa olmaq arzusundadır.


Babasının yeganə oğul nəvəsi olan Laşa Şevadrnadze isə Londonda və Parisdə incəsənət təhsili alıb. 26 yaşlı Laşa Şevardnadze 2008-ci ilin mayında Parisdə 19 yaşlı pianoçu Tatiya Şanaqiya ilə evlənib. Tatiya Şaranqiya və ailəsi əslən Suxumi şəhərindən olsalar da, 1992-1993-cü illərin gürcü-abxaz müharibəsi nəticəsində doğma torpaqlarını tərk ediblər. Tatiya Şaranqiyanın atası Moskva və Gürcüstanda böyük biznes şəbəkəsini idarə edən şəxs hesab olunur. 2009-cu ildə Laşa və Tatiya Şevardnadze ailəsində Eduard adlı oğul övladı dünyaya gəlib. Körpəni məşhur babasının şərəfinə Eduard adlandırıblar. 2011-ci ildə isə Eduard Şevardnadzenin növbəti nəticəsi dünyaya gəlib. Yeni doğulan körpəni Aleksandre adlandırıblar.

Manana Eduardovna Şevardnadze isə eks-prezident qızı kimi daha çox qalmaqallarla gündəmə gəlib. Uzun illər televiziya sahəsində çalışan Manana “Neo-Studio” televiziya filmləri istehsalı ilə məşğul olan şirkətin baş direktoru olub. Onun barəsində alkoqol və narkotik vasitələr qəbul etməsi ilə bağlı zaman-zaman gürcü mətbuatında yazılar yazılıb. Mana Şevardnadzenin 2-ci həyat yoldaşı Qiya Coxtaberidze “Maqti” şirkətinin sahibidir. Əslən Suxumidən olan Qiya 1994-cü ildə Manana Şevardnadze ilə ailə həyatı qurub. 2004-cü il fevralın 20-də Tbilisidən Parisə səfər edən təyyarənin göyərtəsində sabiq prezidentin kürəkəni həbs olunub. Saakaşvili hakimiyyəti Qiya Coxtaberidzeni vergidən yayınmaqda ittiham edirdi. Lakin müəyyən müddət həbsdən sonra o, azad olundu.
Manana Şevardnadze 2 dəfə nikahda olub. İlk nikahından Tamuna Moseşvili-Şevardnadze adlı qız övladı var. Edurad Şevardnadzenin qız nəvəsi olan Tamuna 2008-ci ildə yunan bizmesmeni Nikolos Haramampopulos ilə ailə həyatı qurub. 2009-cu ilin sentyabrında Mamuna Moseşvili Todoros Andria Haramampopluos-Şevardnadze adlı oğul övladı dünyaya gətirib. Və Edurd Şebardnadzeyə 3-cü nəticəsini bəxş edib.

 

Vüqar İsmayılov