Daxili İşlər Nazirliyi (DİN) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarına odlu silahdan atəş açılması barədə yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Heftelik.az-a bildirib ki, sözügedən faktla bağlı ilkin olaraq araşdırma aparılıb, daha sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib. 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının yaralanmasına gəlincə, E. Qasımov bildirib ki, ilkin baxışda əməkdaşın özündə, geyimində hər hansı odlu silah izi aşkarlanmayıb: “Hər bir halda iddialar araşdırma predmetidir, ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

***

15.54

Ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman Xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.

Heftelik.az xəbər verir ki, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb:

“Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır”.