Sinan Oğan Türkiyədəki prezident seçkilərinin ikinci turu ilə bağlı qərarını açıqlayıb.

Heftelik.az xəbər verir ki, o, bu gün keçirdiyi brifinqdə prezident seçkilərinin II turunda “Cümhur İttifaqı”nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib.

Sinan Oğan seçki kampaniyası dövründə onu dəstəkləyənlərə, səs verənlərə təşəkkür edib.

O qeyd edib ki, seçkilərdə 9 faizdən çox səs alacaqlarını gözləyirmişlər.

Oğan həmçinin qeyd edib ki, miqrantlar, zəlzələ və iqtisadi məsələlər Türkiyə üçün vacib məsələlər olaraq qalmaqdadır. S. Oğanın sözlərinə görə, terrorçuların siyasi qollarının siyasətdən təmizlənməlidir və milliyətçilər artıq yenidən türk siyasətində önəmli rol oynayır.

Siyasətçi, həmçinin əlavə edib ki, Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməlidir, onun əməkdaşlıq sahələri genişləndirilməlidir.

Xatırladaq ki, “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan seçkinin birinci turunda 5,17 faiz səs toplayıb. O, mayın 28-də keçiriləcək seçkinin ikinci turu öncəsi həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, həm də “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu ilə görüş keçirib.