Prezident İlham Əliyev “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
Heftelik.az-ın məlumatına görə, Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi iki ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Müəyyən edilib ki:
– Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərən, eləcə də bu sahələrdə təlimlər keçirilməsini, məsləhət verilməsini və metodiki dəstəyi təmin edən publik hüquqi şəxsdir;
– Mərkəzin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” qanunda qeyd edilən səlahiyyətlərini Mərkəzin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi və onlarda dəyişiklik edilməsi, idarəetmə orqanlarının yaradılması, strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi, habelə Mərkəzin yenidən təşkili və ləğvinə münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər məsələlərə münasibətdə isə Xidmət həyata keçirir;
Mərkəzin saxlanma xərcləri və fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdirilir:
– Dövlət Əməyin Mühafizəsi Fondundan ayırmalar;
– fəaliyyətindən əldə edilən gəlir;
– qanunla qadağan olunmayan digər mənbələr.