Mayın 22-dən etibarən 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib. Ancaq Elm və Təhsil Nazirliyinin sənəd qəbulu mərhələsi ilə bağlı elanı narazılığa və bir çox suallara yol açıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ixtisasların siyahısı müəyyənləşib. Həmin Qaydaya əlavə olunmuş siyahıya görə, filologiya (dil və ədəbiyyat göstərilməklə) ixtisasına sahib şəxslər də MİQ üzrə müsabiqədə dil və ədəbiyyat ixtisası üzrə iştirak edə bilərlər.
Nazirlər Kabineti 21 iyun 2022-ci il tarixli 233 nömrəli qərarı ilə “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na dəyişiklik edilib və Elm və Təhsil Nazirliyinə yeni səlahiyyət verilib. Başqa sözlə, müsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı hər il müsabiqədən əvvəl nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməlidir. Elm və Təhsil Nazirliyi isə bu il sənəd qəbulunun başlanmasına qısa müddət qaldığı bir vaxtda – 19 may tarixində müsabiqəyə buraxılan ixtisasların siyahısını açıqlayıb. Məlum olub ki, filologiya ixtisası üzrə dil və ədəbiyyat müəllimliyi ilə əlaqədar vakant yerlər yalnız rus bölməsi üçün nəzərdə tutulub.
Filologiya ixtisası üzrə Azərbaycan bölməsindən məzun olan şəxslərin müsabiqədə iştirak edə bilməyəcəkləri sənəd qəbulunun başlamasından 3 gün əvvəl açıqlanıb.
Belə olan halda, ixtisas üzrə imtahanlara hazırlaşan və bunun üçün vaxtını sərf edən, eyni zamanda hazırlıq kurslarına ödənişlər edən şəxslər imtahanlarda kənarda qalıblar.
Elm və Təhsil Nazirliyinin müsabiqəyə buraxılan ixtisasların siyahısını vaxtında açıqlamaması səbəbindən imtahanlara hazırlaşan şəxslər vaxt və maddi itki ilə üzləşiblər.
Bəs Elm və Təhsil Nazirliyi nə üçün üzərinə düşən funksiyanı yerinə yetirərək filologiya ixtisasına sahib şəxsləri zamanında məlumatlandırmayıb, yalnız MİQ üzrə müsabiqəyə sənəd qəbuluna 3 gün qalmış belə bir élan verib? Yaxud burada fərqli maraq və məqsəd var?
Elm və Təhsil Nazirliyi isə bu günə mətbuatın bu yöndə sorğuıarına, sosial şəbəkədə filoloqların etirazlarına susmaqla cavab verir. Bəlkə belə yerdə danışmaq gümüşdürsə, susmaq qızılmış…