Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkarlanaraq təhvil verilib.