Türk kinosu, xüsusən 50-80-ci illərinin “Yeşilçam” filmləri Azərbaycanda həmişə maraqla izlənilib. Amma türk filmlərində erməni əsili aktyorların geniş yer alması tamaşaçıların ağlına belə gəlməyib.

Heftelik.az Vüqar İsmayılovun  “Yeşilçam” filmlərinin erməni mənşəli aktyorları ilə bağlı yazısını təqdim edir:


1909-cu ildə İstanbulda anadan olmuş Nubar Terziyan 200-dən artıq filmdə çəkilib. Aktyor daha çox ikinci dərəcəli rolları ifa edib. 1951-ci ildə “Əfsuncu Baba”, 1954-cü ildə “Kaçak”, 1967-ci ildəki “Cici Gəlin” komediya filmləri xüsusilə uğurlu alınıb. 1974-cü ildə “Kismet”, 1975-ci ildə “Delisin” musiqili komediya filmləri onun şöhrətini daha da bərkidib. Mehriban, nurani qoca roluı aktyorun karyerası boyu tez-tez yaratdığı obraz idi. Qoca yaşlarına qədər dayanmadan kinoya çəkilən aktyorun 1988-ci ildə sonuncu filmi “Biz ayrılmalıyız” olub. Türkiyə kinosundakı xidmətlərinə görə aktyor Ankara Beynəlxalq kino festivalında “Əmək Ödülü” mükafatına layiq görülüb. 1994-cü il yanvarın 14-də dünyasını dəyişib. Nubar Terziyan “Balıklı” erməni qəbiristanlığında dəfn olunub.


Sami Hazinses
 (əsl adı Samuel Akop Uluçyan) adı ilə tanınan tanınmış türk aktyoru 1925-ci ildə Diyarbəkir şəhərində anadan olub. 1953-cü ildə çəkilən “Qara Davud” filmi ilə diqqəti cəlb edən aktyor 140 filmdə yer alıb. Daha çox komik rolları ifa edən Sami Hazines bundan əlavə bəstəkarlıqla da məşğul olurdu. Onun “Bir dilbərə mübtəladır dəli könlüm” adlı mahnısı Türkiyənin ən məşhur müğənnilərindən olan Zəki Müren tərəfindən ifa edilmişdi. Bundan əlavə Müslüm Gursəs və İbrahim Tatlısəsdə Sami Hazinsesin bəstələdiyi mahnılara öz repertuarında yer veriblər. O, 2002-ci il avqustun 23-də vəfat edib.


Kənan Pars
 (əsl adı Krikor Cezveciyan) 1920-ci il martın 10-də İstanbulda anadan olub. 1953-cü ildən aktyor karyerasına başlayan Kənan Pars 50 il davam edən kino karyerasında 500-ə yaxın filmdə yer alıb. Bu göstəriciyə görə o, ən məhsuldar türk aktyorları içərisində ön sıralarda qərar tutub.
Oynadığı çoxsaylı filmlərlə yanaşı Kənan Pars 6 filmə rejissorluq edib. 1961-1966-cı illər ərzində çəkilən “Oğlum”, “Derdimden anlayan yok”, “Cinayet gecesi” və “Aklin Durur” daha çox detektiv janrına yaxın idi. Filmlərin tamaşaçılar arasında uğur qazanmaması onu rejissorluqdan soyumasına səbəb olur. Mavi ekranda sərt xarakterli cani rollarını mahir yaradan aktyor bundan əlavə teatr tamaşalarında da rol alırdı. Aktyor 2008-ci il ildə anadan olduğu tarixdə də vəfat edib.


Adile Naşit
 adı ilə tanınan aktrisanın əsl adı Adeladır. 1930-cu iyunun 17-də İstanbulda anadan olan A.Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile 1948-ci ildə “Lüks Həyat” komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə “Hababam Sınıfı” filmindəki Hafize ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə “Hababam Sınıfı uyanıyor”, 1977-ci ildə “Hababam Sınıfı Tatilde” və 1978-ci ildə “Hababam Sınıfı Doquz doğruyor” onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcılığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam elətdirib.


Manisalı Turqut Özatayın atası erməni əsilli Qarbis Özataydır. O, türk kino tarixinin ən məhsuldar aktyorlarından hesab olunur. Onun filmoqrafiyası 500 filmdən ibarətdir. Daha çox mənfi obrazları canlandıran aktyor 50-60-cı illərdə Kemal Sunalın komediyalarında və Cüneyt Arkının döyüş filmlərində obrazlar yaradırdı. “Sezercik Küçük mücahit” filmində yaratdığı yunan generalı və “Korkusuz Korkak” filminde Ayı Abbas rolu onun aktyor karyerasında xüsusi yerə malikdir. Paralel olaraq teatrda oynayan aktyor xəstəliyi ilə əlaqədar səhnədən uzaqlaşır. Turqut Özatay 1999-cu ilə qədər aktyor karyerasını davam etdirib. 2002-ci ilin iyununda ağciyər xərçəngi xəstəliyindən vəfat edib və müsəlman adət-ənənəsinə uyğun şəkildə dəfn olunub.


Əhməd Topatan
 1916-cı ildə Tarsusda anadan olub. Əsl adı Daniel olan erməni mənşəli aktyor 1953-cü ildə “Drakula İstanbulda” filmi ilə diqqəti cəlb edib. İlk filmi isə 1950-ci ildə çəkilən “Çete” olub. Aktyorluğa gec yaşda başlayan Əhməd Topatan daha çox ciddi görkəmli, təmkinli caniləri canlandırıb. Amma onun müsbət obrazları da filmoqrafiyasında az deyil. 1964-cü ildə “Topqapı”, 1965-cui ildə “Son darbe”, 1967-ci ildə “Krallar ölmez” və 1971-ci ildəki “İntiqam kartallı” filmləri onun yaradıcılığına diqqəti daha da artırıb. 100-dən artıq filmdə rol alan Topatan 1975-ci il iyunun 26-da 59 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktyor İstanbulda dəfn olunub.