Prezident İlham Əliyev: “Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır”

Xəbər verildiyi kimi, Mayın 21-də Prezident İlham Əliyev Litva Respublikasına rəsmi səfər edib. Mayın 22-də Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene qarşılayıblar. Rəsmi qarşılanma mərasimindən sonra iki ölkənin prezidentləri arasında məhdud və geniş tərkibdə görüşlər keçirilib. Görüşlərdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu qeyd ediblər.

Görüşlərdə münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub. Prezidentlər ikitərəfli, regional və beynəlxalq məsələlərə dair də fikir mübadiləsi aparıblar. Söhbət zamanı nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr aparıldı. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyi yüksək qiymətləndirilib. Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvininq layihələrində Litvanın fəal rol oynadığı xüsusi qeyd edilib. Həmçinin bu gün imzalanmış üç sənədin əhəmiyyəti vurğulanıb. Söhbət zamanı ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarəolunması sahəsində Litva təcrübəsinin Azərbaycanla bölüşdürülməsinin önəmi diqqətə çatdırılıb. Görüşdə ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri barədə də fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev litvalı həmkarına Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verib.

Xatırladaq ki, mayın 22-də Vilnüsdə Prezident İlham Əliyevin və Prezident Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi də olub. Prezindetlərin görüşündə, həmçinin ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyəti qeyd olundu, 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirilib, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, prokurorluq sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb, hər iki ölkənin aidiyyəti prokurorluq orqanları arasında sənədlərin imzalanmasının vacibliyi vurğulanıb. Eyni zamanda, Litvadakı Azərbaycan icmasının ölkənin inkişafına töhfə verdiyi, onların bu ölkənin sadiq vətəndaşları olduqları diqqətə çatdırılıb.

Rəsmi görüşlər və sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Gitanas Nauseda və İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında bildirib ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır: “Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir”.

Cənab Prezident əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacağını da vurğulaytıb. “Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək”, – deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyevin Litva səfəri çərçivəsində Vilnüs şəhərində Azərbaycan-Litva biznes forumu da keçirilib. Forumdakı çıxışında cənab Prezident iki ölkə arasında əməkdaşlıq potensialının kifayət qədər böyük olduğunu deyib: “Bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə – Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var”.

Fikrimizcə, Litva-Azərbaycan münasibətlərini neft-qaz, logistika, turizm və s. sahələrdə gücləndirmək üçün çox böyük potensial var. Biznes forumunun da məqsəd iki ölkə arasında iqtisadi də əlaqələri fəallaşdırmaq və müxtəlif sahələrdə yatırımları təşviq etməklə biznesin inkişafına töhfə verməkdir.

 

Aybəniz Rüstəmova

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq

kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent