Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  prosesdə vəkillər – Əlibaba Rzayev, Zabil Qəhrəmanov və Murtuzəli Abbasovun müdafiə çıxışları dinlənilib.

Yekun olaraq vəkillərin hər biri İlkin Süleymanova bəraət verilməsini istəyiblər.

İlkin Süleymanov bu gün üçün son söz deməyə hazır olmadığını deyib. Məhkəmə ona iyunun 2-nə kimi vaxt verib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayət işi üzrə təqsirləndirilən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.