Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi üzrə dövlət vəsaitin və digər dövlət əmlakının auditinin nəticələri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Qeyd edilib ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ aktlarının təsdiq edilməsi haqqında” 2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”nın tələblərinə əməl edilməyərək heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin istifadəsində olan heyvanların identikləşdirilməsi və heyvanlara identikləşdirmə haqqında şəhadətnamələrin verilməsi təmin edilmədiyindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin 3.1.3-cü bəndinin “heyvandarlıq və süni mayalanma” alt sistemi üzrə heyvandarlıq təsərrüfatlarının, heyvanların və heyvan qruplarının qeydiyyatının aparılması, onların hərəkətlərinin izlənilməsi, mənşəyinin, təsərrüfat əhəmiyyətinin və istifadə təyinatının müəyyənləşdirilməsi, heyvanların xəstəlik tarixçəsinin (vaksinasiya daxil olmaqla) və onlara dair digər məlumatların (o cümlədən yaşı, cinsi, sağlamlıq vəziyyətinə dair məlumat, idxal edildiyi halda idxal nömrəsi və s.) qeydiyyatı aparılmayıb. Belə vəziyyət xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvəndləmə işlərinin aparılmasında və izlənilməsində, heyvanların sığortalanmasında və qida təhlükəsizliyi sahəsində nəzarətin həyata keçirilməsində çətinliklər yaratmaqla uçotun və qeydiyyatın daha da təkmilləşdirilməsində subyektiv maneəyə çevrilərək dövlət büdcəsi vəsaitlərinin qənaətli istifadəsinin təmin edilməsinə mənfi təsir göstərir.
“2022-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planı”nda peyvəndlənməsi nəzərdə tutulan saya qarşı icra iribuynuzlu heyvanlarda 35%, cavan heyvanlarda 73%, xırdabuynuzlu heyvanlarda 45% az icra olunmaqla epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planının tərtibinin və icra proseslərinin təkmilləşdirilməli olan tərəflərini göstərir, bu sahədə baytarlıq preparatlarının alınmasına və istifadəsinə nəzarətin gücləndirilməsini tələb edir.
Aqrar Xidmətlər Agentliyinin xətti ilə heyvanlar arasında epizootiya əleyhinə tədbirlərin aparılması üçün alınmış bioloji preparatların bölgüsü aparıldıqdan sonra uçotunun tabeli qurumlarında, o cümlədən rayon (şəhər) baytarlıq idarələrində tam aparılmaması bəzi hallarda vaksinlərə olan tələbatın düzgün müəyyən olunmamasına, heyvanların vaksinasiya ilə faktiki olaraq əhatə edilməsinə nəzarət edilməməsinə səbəb olmaqla dövlət büdcəsi xərclərinin qənaətlə istifadə edilməməsi ilə nəticələnir.