SSRİ-nin süqutundan sonra Azərbaycan müstəqillik əldə etdi. Buna baxmayaraq Azərbaycanın iqtisadiyyatının bütün sahələri tənəzzülə uğramışdı. İnflyasiya artmış, xalqın güzaranı ağırlaşmış, iqtisadi problemlər və hərc-mərclik çoxalmışdı. Azərbaycanı düşdüyü böhran vəziyyətindən çıxartmaq üçün ölkəyə savadlı, geniş dünyagörüşünə malik, siyasətcil bir elm xadimi lazım idi. Xalqın istəyi ilə 1993-cü ildə Heydər Əliyev Əlirza oğlu yenidən hakimiyyətə gəldi. Hakimiyyətə gəldiyi gündən iqtisadiyyatın inkişafını, xalqın güzəranının yaxşılaşdırılmasını Azərbaycanın qabaqcıl ölkələr səviyyəsinə qalxmasını qarşısına məqsəd kimi qoymuşdu. Ölkənin iqtisadiyyatının inkişaf etməsi onun dünya ölkələri tərəfindən tanınmasıdır. Elə buna görə də dövlətimizin inkişaf prioritetini müəyyənləşdirdi. Heydər Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda olan nöqsanlar araşdırıldı, təhlil edildi və onun aradan qaldırılması istiqamətində iqtisadi inkişaf proqramları hazırlandı.

İqtisadiyyatı zəif olan ölkə heç vaxt güclü, qabaqcıl, dünya ölkələri arasında tanınmış ola bilməz. Ona görə də iqtisadiyyatı inkişaf etdirmək ümummilli liderimiz Heydər Əliyevin əsas məqsədi idi. Ulu öndərin göstərişi ilə iqtisadi islahatlar həyata keçirilməli, regionların inkişafı məqsədi ilə bir sıra proqramlar hazırlanmalı idi. Heydər Əliyev demişdi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Aqrar sahəyə investisiya etmək qarşıda qoyulmuş əsas vəzifələrdən biri idi. Bu prinsipi əsas tutaraq Heydər Əliyev xalqın rifahını yaxşılaşdırmaq, iqtisadiyyatı inkişaf etdirmək üçün daha əzmlə çalışırdı. Ulu öndərin əsas məqsədlərindən biri də Azərbaycanın xarici ölkələrlə inteqrasiya etməsi üçün yol infrastrukturunu inkişaf etdirmək və ölkəni qabaqcıl ölkələr səviyyəsinə çatdırmaq idi.

1996-ci ildən başlayaraq iqtisadiyyat inkişaf dövrünü yaşayırdı. Heydər Əliyev deyirdi: “Azərbaycanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var”. Azərbaycanın təbii sərvəti olan neft-qaz həmişə dünya ölkələrinin diqqət mərkəzində olmuşdu. Belə bir şəraitdə ən düzgün yol xarici investisiyaların cəlb edilməsi idi. Heydər Əliyev neft strategiyasını formalaşdırdı. Ulu öndərin qabaqcıl siyasəti sayəsində 20 sentyabr 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” yataqlarının istismarı ilə bağlı dünyanın nüfuzlu 8 ölkəsini təmsil edən(Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 iri neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) arasında neft kontraktı bağlandı. Müqaviləyə əsasən pay bölgüsü belə idi: Azərbaycan Neft Şirkətinin 20%, ABŞ  ın“Amoco” (17,01%), “UNOCAL” (11,2%), “Penzzoil” (9,81%), “McDermott” (2,45%), Rusiyanın “Lukoil”(10,0%), Norveçin “Statoil” (8,56%), Türkiyənin “Türk Petrolları Şirkəti”nin (1,75%) payı var idi. Bu müqavilə tarixə “Əsrin müqaviləsi” kimi daxil oldu. Azərbaycanın bu strategiyası uğurla həyata keçirilirdi. 1995-ci ildən başlayaraq xarici investisiya qoyuluş artmış və 10 milyard dollara çatmışdı. Bunun 6,1 milyard dolları xarici kapitalın payına düşürdü. Ölkədə xarici investisiyalı müəssisələrin sayı artaraq 717-dən 1974-ə çatmışdı. İlk vaxtlarda Azərbaycan neftinin xarici bazarlara çıxarılması üçün Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Bakı-Supsa kəməri vasitəsi ilə 45 milyon 542 min ton neft nəql edilirdi. 1997-ci ildə neftin hasilatı 9 milyon ton idi. Neftin illik hasilatı 50 milyon tona çatdığı üçün daha optimal ixrac boru kəməri seçildi. Bu, Bakı-Tiblisi-Ceyhan boru kəməri idi. Bu kəmərin uzunluğu 1730 km, diametri isə 1067mm-dir. Kəmərin uzunluğu Azərbaycan ərazisi üzrə 468 km, Gürcüstan ərazisi üzrə 225 km, Türkiyə ərazisi üzrə isə 1037 km-dir. Bu kəmərin tikintisinə 4 milyard dollar pul xərclənib .Kəmərin Azərbaycan ərazisi üzrə 800 milyon dollar, Türkiyə ərazisi üzrə 1,4 milyard dollar, Gürcüstan ərazisi üzrə xərci 500 milyon dollar olmuşdu. Neftin hasilatına 1997-ci ildə başlanıldı ,ilk dəfə Azərbaycan nefti Novorossiysk limanına (indiki Rusiya Federasiyasına) nəql olunmuşdu. “Azəri- Çıraq-Günəşli”, yataqlarında təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın qaz var idi. Yataqlarda görüləcək işlərə 12-14 milyard dollara yaxın investisiya qoyulmalı idi. Əsrin müqaviləsinə daxil olan ölkələr artdı. 8 ölkənin 13 şirkətindən 19 ölkənin 41 şirkətinə qədər yüksəldi. Bu sahədən əldə edilən gəlirin bir hissəsi boruların istismara yararlı olmasına, nəqliyyat xərclərinin ödənilməsinə, təmir işlərinin aparılmasına yönləndirilirdi.

Aqrar sahənin inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır. Torpaq bizim qızıla bərabər olan təbii sərvətimizdi. Əkinçiliyə yararlı olan torpaqlardan daha səmərəli istifadə edilməsi metodunu Heydər Əliyev öyrətdi və kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsinə nail oldu. Kənd təsərrüfatının inkişafı üçün respublikaya yanacaq, tikinti materialları, ehtiyat hissələri, qurğular, texnika, mineral gübrələr və kimyəvi peraparatların gətirilməsinə təşəbbüs göstərdi. Torpaqların düzgün suvarılmasına, irriqrasiya və meliorasiya işlərinə nəzarət olunurdu. Yeni torpaq sahələri kəndlilərin istifadəsinə verildi, torpağın sağlamlaşdırılması üçün bir sıra addımlar atıldı. Ulu Öndər 1994-cü ildə keçirilmiş müşavirədə aqrar islahatın nə dərəcədə mühüm olmasını belə vurğuladı “Aqrar bölmədə iqtisadi islahatlar aparmaq ,mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq  respublikamızın həyatında çox mühüm, eyni zamanda, son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir”.

İlk dəfə olaraq 1981-ci ildə 1150,8 min ton taxıl, 831,2 min ton pambıq, 1 milyon 707,3 min ton üzüm, 849,5 min ton tərəvəz, 96,4 min ton bostan məhsulları, 25,5 min ton süd,772,1 milyon yumurta, 147,1 min ton mal-qara və quş əti, 11,3 ton yun tədarük edildi. Kənd təsərrüfatının inkişafına yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsi ilə nail olundu. Azərbaycan iqtisadiyyatı aqrar sənaye iqtisadiyyatına çevrildi.

Heydər Əliyev pambıqçılıq sahəsinə də çox böyük önəm verirdi. Ümummilli lider demişdi: “Pambıqçılıq sahəsində aparılan tədqiqatlar məhsulun ən azı 80-90%-ni sentyabr ayında açan yüksək məhsuldar və tezyetişən sortlar yaradılmasına yönəldilməlidir. Respublikanın pambıq tarlaları seleksiya və aqrotexnika, aqrokimiya və fitopotologiya, iqtisad və mexanikləşdirmə, iqriqasiya və meşə meliorasiyası alimlərindən səmərəli tədqiqatlar gözləyir. Torpağın münbitliyini yüksəltməkdə birinci söz onlarındı, münbitliyin açarı elmin əlindədir”. Azərbaycan pambıq ölkəsi kimi uğur əldə edərək böyük şöhrət qazanmışdı. Pambıqçılğın inkişafı toxuculuğun inkişafına səbəb olurdu. Pambıq lifi əvəz olunmaz xammal hesab olunurdu.Elə bu diqqət sayəsində 1981-ci ildə pambıq istehsalı 1milyon 315 min tona çatdırıldı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə pambıq istehsalına görə Azərbaycan “Keçici Qırmızı Bayrağa”layiq görüldü. Pambıqçılıq əhalinin gəlir mənbəyinə çevrilərək onların maddi rifahının yaxşılaşmasında mühüm rol oynadı. 1969-cu ildə 162 min ton pambıq təhvil verildiyi halda, 1976-cı ildə bu göstərici 412 min ton oldu.

Respublikamızda ipəkçilik sahəsində də uğurlar əldə edildi və barama istehsalı 1969-cu ilədək 3569 tondan 1982-ci ildə 5272 tona çatdırıldı. Bu isə 1,4 dəfə artıq məhsul demək idi.

Üzümçülük sahəsi də diqqət mərkəzində idi. Heydər Əliyevin şəxsən köməyi ilə bu sahədə tədbirlər həyata keçirildi və Azərbaycanın üzümçülüyə yararlı bir çox rayonlarında üzüm plantasiyaları salındı. Heydər Əliyevin göstərişi ilə üzümçülük və şərabçılıq sahəsini inkişaf etdirmək üçün 1970-ci ildə Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradıldı. 1969-cu ilə qədər üzüm istehsalının həcmi 232 min ton olduğu halda, 1971-1975-ci illərdə bu rəqəm 431,9 min tona, 1976-1980-ci illərdə 945 min ton, 1982-ci ildə 1815,6 min tona çatdırıldı. Heydər Əliyevin sayəsində 353 min ton üzüm emal edən şərab zavodları inşa edildi, 1976-ci ildə Üzümçülük Elmi-Tədqiqat İnstitutu yaradıldı. 1984-cü ildə üzümlüklərin ümumi sahəsi 286 min hektara çatdırılmış, üzümün istehsalı 2,12 milyon ton olmuşdu. Hər hektardan isə 100 sentnerə qədər məhsuldarlıq əldə edilirdi. Ulu öndərin rəhbərliyi dövründə üzüm sahələri artırılır, bu sahələrdə keyfiyyətli və məhsuldar üzüm sortları əkilirdi. Respublikamızda torpağın münbitliyi və iqlim şəraitinin münasibliyi məhsuldarlığın artmasına səbəb olurdu.

Azərbaycanda üzümçülüklə yanaşı şərabçılıqda inkişaf etdirilirdi. 1980-1985-ci illərdə 85,3% texniki, 14,7% isə süfrə sortları yetişdirilirdi. Bunun 69,1% suvarılma, 30,9% isə dəmyə üsulu ilə becərilirdi.Azərbaycanda 16,4%-i Mədrəsə, 11,2%-i Bayanşirə, 10,6%-i Həməşərə, 4,1%-i Xindoqın, 2,4%-i Mələyi, 0,4%-i Ağ şirə və Misqalı, 3,4%-i Təbrizi, 1,5%-i Ağ şanı və Qara şanı sortları geniş yayılmışdı və üzüm sortlarının ümumi sahəsi 50,1% idi. Azərbaycan keçmiş respublikalar arasında üzüm istehsalının həcminə  görə birinci yerə çıxdı. Statistik məlumatlara görə 80-ci illərdə 210 şərab zavodu fəaliyyət göstərirdi. Zavodda 56 çeşiddə şərab, 10 çeşiddə konyak, 4 çeşiddə isə şampan şərabı hazırlanırdı.

Ulu öndərin diqqət yetirdiyi digər bir sahə də yol infrastrukturudur. Ulu öndərin rəhbərliyi dövründə başqa sahələrdə olduğu kimi yol təsərrüfatında da müsbətə doğru dəyişikliklər əldə olundu. Azərbaycanda 1974-cü ildə Avtomobil Yolları Tikinti və İstismar Nazirliyi yaradıldı. Heydər Əliyevin rəhbərliyi dövründə yolların təmir edilməsi üçün 3,5 dəfə vəsait, 2,5 dəfə is kapital qoyuluşu artdı. Yolların təmir edilməsi üçün “Dortexnika” zavodu tikildi. Yeni avtomobil yollarının salınması üçün Yevlax dəmir-beton tikinti zavodu fəaliyyətə başladı. Avtomobil yollarının yenidən qurulması və genişləndirilməsi üçün tədbirlər həyata keçirildi. Yolların keyfiyyətlə salınması üçün büdcədən yol infrastrukturu üçün ayrılmış kapitalın həcmi xeyli artırıldı. Azərbaycan Respublikası ilə beynəlxalq maliyyə qurumları arasında olan əməkdaşlığın uğurla davam etməsi nəticəsində bu qurumlardan yol infrastrukturu üçün güzəştli kreditlər ayrıldı. Ölkənin gücü, iqtisadi potensialı onun yol infrastrukturunun inkişaf səviyyəsindən aslıdır. Elə buna görə də ulu öndər yol infrastrukturuna xüsusi diqqət göstərirdi. Ümummilli lider demişdi: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir”. Bu kəlamdan Azərbaycan liderinin yol təsərrüfatının inkişafına nə qədər önəm verdiyi aydın görünür. TRASECA proqramı çərçivəsində Qərb-Şərq nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçməsində Heydər Əliyevin misilsiz rolu olmuşdu. TRASECA proqramı Avropa Birliyinin dəstəyi ilə həyata keçirilirdi. 1998-ci ilin sentyabr ayında 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə İpək Yolunun bərpasına həsr olunmuş  beynəlxalq konfrans keçirildi. Bu konfransın Bakıda keçirilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə oldu. Konfransda çox mühüm sənəd imzalandı ki, bu da Azərbaycanın regionda etibarlı tərəfdaş kimi mövqeyinin artmasına səbəb oldu. Bu sənədin imzalanmasında əsas məqsəd Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi idi. Beynəlxalq və tranzit dəhliz və yolların, rayondaxili, regionlararası yol infrastrukturunun inkişafı ulu öndərin əsas məqsədlərindən biri idi. Həyata keçirilən ipək yolu layihəsində ümummilli lider Heydər Əliyevin böyük təşəbbüsü oldu. Nəqliyyat Bakıdan Böyük-Kəsik stansiyasına, oradan da üçüncü dövlətlərə çıxışı əldə edirdi. Nəqliyyat dəhlizinin fəaliyyəti əsrin müqaviləsi ilə başlanmışdı. 1993-cü ilin may ayında Brüseldə keçirilən TRASEKA proqramının əsası qoyuldu. Traseka proqramı ilə beynəlxalq maliyyə institutu sıx əməkdaşlıq edirdi. Heydər Əliyev dəmiryolunun fəaliyyətini yüksək qiymətləndirmişdir: “Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmiryolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmiryolunu 10 illərlə yaratmışıq, onun maddi-texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki, 1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”. Ulu öndərin sayəsində 1997-ci ilin may ayında Bakıdan Moskvaya gedən qatarın hərəkəti bərpa edildi, 4 dekabrda Bakı-Rostov istiqamətində qatar xətdə buraxıldı. Həmin ilin fevral ayında Naxçıvan-Təbriz sərnişin qatarı hərəkətə buraxıldı. Böyük nailiyyətlərdən biri də 1996-ci ildə Bakı-Ağstafa qatarı, 1998-ci ildə Bakı-Xankəndi firma sərnişin qatarı istismara buraxıldı. 1999-cu il isə Bakı-Gəncə qatarı sərnişinlərin istifadəsinə verildi. Qatarlarda sərnişinlərə yüksək xidmət göstərilməsi üçün tədbirlər həyata keçirildi. Bu xidmətlərdən biri də kassalarda bilet satışının avtomatlaşdırılması idi. Sərnişinlərə yüksək səviyyədə xidmət göstərilməsi üçün Bakı stansiyasında Mərkəzi məlumat bazası yaradıldı. Ulu öndərin təşəbbüsü ilə 1992-ci ildən Azərbaycan Dəmir Yolu MDB və Baltikyanı dövlətlərin  Dəmir Yolları Nəqliyyat Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən isə Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü oldu.

Məqalədə yazılanları nəzərə alaraq deyə bilərik ki, ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdi və inkişaf etmiş dünya ölkələri səviyyəsinə çatdı. Bütün bunlarda xalqın rifahının yaxşılaşmasına səbəb oldu. Ulu öndərin rəhbərliyi dövründə kənd təsərrüfatının inkişafı böyük vüsət aldı. Təbii-iqtisadi, texniki-istehsal, elmi-texniki potensialın təsərrüfata cəlb olunması və düzgün islahatların keçirilməsi sayəsində kənd təsərrüfatı inkişaf etdirildi.

Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı istehsalının və aqrar sahənin inkişafına nail olundu. Bu da Azərbaycan Respublikası üçün çox əhəmiyyətli bir iş idi. “İqtisadi inkişaf üzrə Dövlət proqramı”nın təqdimatında qeyri-neft sektorunun inkişafı ön plana çəkildi. Respublikamızda ardıcıl  həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın inkişafı təmin edildi.

 

Rüfət Quliyev

Azərbaycan Texniki Universitetinin Beynəlxalq ticarət, logistika

Marketiniq kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor

Milli Məclisin deputatı

 

Dünya Əhmədova

Azərbaycan Texniki Universitetinin

İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi