Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarında taxoqrafdan istifadə qaydalarının pozulmasına görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarında taxoqrafdan istifadə qaydalarının pozulmasına, yəni həmin daşımaların:
– taxoqraf olmadan yerinə yetirilməsinə;
– yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə;
– tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirilməsinə;
– taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadan yerinə yetirilməsinə;
– taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə –
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə əlli manat məbləğində cərimə edilir.