“Əvvəlcədən xəbər verildiyi kimi, soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti yağıntılı olub, şimşək çaxıb, dolu düşüb, güclü şimal-qərb küləyi əsib”.
Bunu Heftelik.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub:
“Yağan intensiv xarakterli yağışlarla əlaqədar çaylarda sululuq artıb, bəzi dağ çaylarında isə qısa müddətə sel keçib. Bəzi rayonlarda yağıntının miqdarı 28-45 mm-dək qeydə alınıb ki, bu da aylıq normanın 50-60 faizini təşkil edir. Mayın 31-də Qazax, Şəmkir, Balakən rayonlarına dolu düşüb. Dolunun diametri 12 mm-dək qeydə alınıb. Güclü şimal-qərb küləyi bəzi bölgələrdə 24-28 m saniyəyədək güclənib”.