Azərbaycan Mərkəzi Bankı (AMB) daşınmaz əmlakın icbari sığortasının vətəndaşların konstitusiya hüququna zidd olması ilə bağlı iradlara cavab verib.
Heftelik.az-ın xəbərinə görə, AMB-dən APA-ya bildirilib ki, daşınmaz əmlakın icbari sığortasının vətəndaşların konstitusiya hüququna zidd olması fikri kökündən yanlışdir. Əksinə, bu icbari sığorta növü, insanlarin konstitusiyada müəyyən olunmuş mənzil hüququnun təmin olunmasının sabitliyi və fasiləsizliyi üçün bir alətdir.
Bununla belə, cərimə mexanizminin tətbiq edilməsi ilə bağlı məsələ hələ də açıq şəkildə qalmaqdadır.
Qeyd edək ki, İcbari Sığorta Bürosu ilə İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin sistemi arasında inteqrasiyanın yekunlaşması ilə iyunun 1-dən daşınmaz əmlakın icbari sığortası artıq elektron qaydada həyata keçirilir. Sistem üzərindən sığortasız evlərin müəyyən edilməsi eyni zamanda bununla bağlı qanunla müəyyən edilmiş cərimələri gündəmə gətirib. Sığorta şirkətləri və vasitəçilər cərimələrlə bağlı təbliğat kampaniyası apararaq vətəndaşların sığortaya cəlbinə çalışırlar. Cərimə mexanizminin hələlik formalaşmaması fiziki şəxslər üzrə, yəni sadə vətəndaşların buna görə cərimələnməsini mümkünsüz edib. Yaranmış vəziyyətlə əlaqədar isə ümumilikdə ekspertlər daşınmaz əmlakın sığortasının icbari qaydada tələb edilməsinin Konstitutsiyaya zidd olduğunu bildiriblər. “Daşınmaz əmlakın icbari sığortası avtomobillərin icbari sığortasından fərqli olaraq üçüncü şəxs qarşısında tətbiq edilmir. Mənzillərin sığortası mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır”,- deyə ekspertlər bildiriblər.