Daşkəsən rayonunun Bayan kəndi Azərbaycanda alban tarixinin izlərini saxlayan azsaylı kəndlərdən biri sayılır.
Eramızın ilk illərində albanların yaşadığı kəndin XIX əsrin ikinci yarısından etibarən erməni kəndinə çevrilməsi də araşdırma tələb edən mövzulardan biridir. Belə ki, Qafqaz Albaniyasından qalma kilsələr, daş körpü sonralar erməni abidəsi kimi təqdim olunurdu.
Maraqlıdır ki, Ermənistan prezidentlərinin inaqurasiyası zamanı əlini basdığı VII əsrə aid “İncil” də bir neçə yüz il Bayan kəndindəki kilsələrdən birində saxlanılıb. XVI əsrdə Bayan kəndindəki alban kilsəsinə düşən həmin “İncil” 1974-cü ildə yerli sakinlər tərəfindən Azərbaycandakı erməni kilsəsinin katolikosu Vaqan Teryana ötürülmüşdü. O isə öz növbəsində nadir əlyazmanı bütün ermənilərin katolikosu I Vazgenə hədiyyə etmişdi. I Vazgen isə əlyazmanı İrəvanda Mesrop Maştits adına Əlyazmalar İnstitutuna hədiyyə edir. Bir sözlə, nadir əlyazma ermənilərin əlinə keçir.
Bundan sonra, 1991-ci ildə Sovet İttifaqının dağılması fonunda Ermənistan müstəqillik qazanır və İnstitutun keçmiş elmi işçi Levon Ter-Petrosyan prezident seçiləndə andiçmə mərasimi üçün məhz “Vexamor İncili” adı verilən məhz bu kitabı seçir.
Beləliklə, 1991, 1996, 1998, 2003, 2008, 2013, 2018 və 2022-ci illərdə Ermənistan prezidentləri məhz Azərbaycanın Daşkəsən rayonunu Bayan kəndindən aparılan “Vexamor İncili”-nə and içiblər.
Özünəməxsus arxitektur özəllikləri ilə seçilən Bayan kəndi ermənilər tərəfindən Banants adlandırılır. 1989-cu ilə qədər kənddə ermənilər çoxluq təşkil edib. Onlar hətta Ermənistan çempionatında “Banants” adlı futbol klubu da yaradıblar.
Hazırda Bayan kəndində azərbaycanlılar yaşayır. Kəndin əhalisi 2047 nəfər təşkil edir.
Vüqar İsmayılov