“Naxçıvan Bank” ASC-nin səhmdarları dəyişib.
Heftelik.az-ın “Naxçıvan Bank” ASC-nin hesabatına istinadən verdiyi məlumata görə, “Naxçıvan Bank”ın səhmlərinin 63.66%-i Hüseyn Məmmədov, 26.52%-i Rüfət Məmmədov və 9.82%-i Binnət Novruzov tərəfindən alınıb. Binnət Novruzov həmçinin, bankın Müşahidə Şurasının sədri, Rüfət Məmmədov isə Müşahidə Şurasının üzvüdür.
Buna qədər, bankın səhmdarları Naxçıvan MR-nın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvləri olub. V.Talıbovun oğlu Rza Talıbov “Naxçıvan Bank”ın səhmlərinin 63.66%-nin, digər oğlu Seymur Talıbov 20.48%-nin, qızı Baharxanım Talıbova 9.82%-nin, xanımı Sevil Sultanova isə səhmlərin 6.04%-nin sahibi olublar. Qeyd edək ki, bu il fevralın 6-da bankın səhmdarlarının dəyişdiyi məlum olsa da, adları açıqlanmamışdı.
“Naxçıvan Bank”la yanaşı, onun törəmə şirkəti “Naxçıvan Sığorta”nın da sahibləri dəyişib. Belə ki, 2014-cü ilin martında bank 100% özünə məxsus olan yerli sığorta şirkəti “Naxçıvan Sığorta”nı təsis edib və onun 100% payla sahibidir.
Xatırladaq ki, ölkənin yeganə regional bankı olan “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 mln. manatdır.