Azərbaycan Memarlıq və İnşaat Universitetinin adı (AzMİU) növbəti dəfə Round University Ranking (RUR Ranking) beynəlxalq reytinq sisteminə daxil edilib.

Dünyanın 1215 nüfuzlu universiteti yer aldığı reytinqdə  AzMİU ən yaxşı top universitetlər arasında 1180-ci yerdə qərarlaşıb.  2010-cu ildən bu günə qədər hər il nəşr olunan bu beynəlxalq reytinq cədvəlinə Azərbaycandan AzMİU ilə yanaşı, 50-yə yaxın ali təhsil müəssisəsindən cəmi 5 universitet – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universitet, Qərbi Kaspi Universiteti və Bakı Biznes Universiteti düşüb.

AzMİU bu il Azərbaycan ali təhsil müəssisələri arasında beynəlxalq əlaqələrinə görə lider olub. Universitet tədris üzrə 1101, tədqiqat üzrə 1193, beynəlxalq əlaqələr üzrə 862, maliyyə dayanıqlığı üzrə isə 1181-ci yerdə qərarlaşıb.

Qiymətləndirilmə istiqamətlərində beynəlxalq əlaqələr üzrə AzMİU-nun yüksək göstəricisi universitetin xarici universitetlərlə qarşılıqlı əlaqələri, ikili diplom müqavilələri, əcnəbi müəllim və tələbə kontingenti, kadr potensialının beynəlxalq elm arenasına çıxışı və bu kimi digər məsələlər də son illər əldə olunan irəliləyişdən qaynaqlanır.

Bu uğurun əsasında ali məktəb kollektivinin gərgin əməyi, ali rəhbərlik keyfiyyəti, yüksək təşkilatçılıq qabiliyyəti, birgə fəaliyyətin koordinasiyası dayanır.

AzMİU-nun qazandığı bu uğur münasibəti  ilə başda rektorumuz professor Gülçöhrə Məmmədova, prorektor, memarlıq doktoru Nərgiz Abdullayeva və Beynəlxalq şöbənin müdiri Fərhad Əliyev olmaqla, Universitetimizin kollektivini təbrik edir, daha böyük uğurlar arzulayıram.

Hörmətlə

 Fuad Hacızadə

AzMİU-nun  Ekologiya kafedrasının professoru,

texnika elmləri doktoru, əməkdar mühəndis