Lənkəranda diş həkiminin bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisəni törədən Nihad Malızadə bıçaqlanan Cəlal Azadovla qonşu olub. Onun atası diş həkiminin qardaşının çayxanasında xidmətçi işləyib və nöqsanlara görə işdən çıxarılıb. Atasının işdən çıxarılmasına aydınlıq gətirmək üçün Nihad Malızadə çayxanaya gedib. Həmin vaxt çayxanada olan Cəlal Azadov Nihadı sakitləşdirməyə çalışıb və onu çayxanadan uzaqlaşdıraraq, öz maşını ilə evə aparmaq istəyib. Bu zaman Nihad Malızadə üzərində olan bıçaqla Cəlala Azadova zərbələr endirib. Sükan arxasında olan Cəlal Azadov idarəetməni itirib. Avtomobil qarşıdan gələn digər maşına çırpılıb. Cəlalın vurulduğunu görən qardaşı onu təcili xəstəxanaya çatdırıb.

 

Cəlal Azadovu əməliyyat edən həkim Rəşad Fərzullayevbildirib ki, xəstə ağır vəziyyətdə xəstəxanaya qəbul olunub və əməliyyata götürülüb. C.Azadov 20-yə yaxın kəsilmiş-deşilmiş xəsarət alıb. Onun vəziyyəti orta ağırdır.

***

saat  11.00

Lənkəranda bıçaqlanma hadisəsi olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Lənkəran şəhər sakini Nihad Malızadə aralarında yaranmış şəxsi münasibətlər zəminində Lənkəran şəhər sakini, 1985-ci il təvəllüdlü Cəlal Azadova bıçaqla çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Yaralı dərhal Lənkəran şəhər mərkəzi xəstəxanasına çatdırılıb və təcili əməliyyata götürülüb.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan  bildirilib ki, faktı törətməkdə şübhəli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ -də cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan 38 yaşlı Cəlal Azadov Lənkəranın Göyşaban kəndində fəaliyyət göstərən tanınmış diş həkimidir.