Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə səksən manat məbləğində cərimə ediləcək.
Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.