Azərbaycan və Türkiyə arasında tarixi qardaşlıq əlaqələri mövcuddur. Azərbaycan-Türkiyə qardaşlığı dünyaya bir nümunədir.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi dostluq münasibətləri iki ölkə arasında münasibətləri daha da möhkəmləndirib, ən yüksək səviyyəyə qaldırıb.

C.Osmanov vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub. “Həm çətin gündə, həm xoş gündə Türkiyə və Azərbaycan bir-birinin yanında olub. İki qardaş ölkə arasında əlaqələr əbədi və sarsılmazdır. Dünyada bir çox qardaş xalqlar olsa da, belə münasibətləri olan dövlətlər mövcud deyil.

Azərbaycan və Türkiyə hər zaman türk dövlətlərinin daha sıx münasibətdə olmasına xidmət edən addımlar atıblar”, – deyə deputat bildirib.

O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad etdi.

“Tarixi Zəfəri ilə yeni reallıqlar yaratmaqla ölkəmiz regionun ən vacib aktorlarından birinə çevrilib. Bunun fonunda Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qalxmasına səbəb oldu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atıb. Eyni zamanda, qardaş Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə dünyada sözünü deyən ölkələrdən birinə çevrilib. Hazırda hər iki ölkədə bütün sahələrdə inkişaf müşahidə olunur”, – deyə deputat bildirib.

C.Osmanov vurğulayıb ki, qardaş Türkiyədə zəlzələnin baş verməsindən sonra Azərbaycan ilk olaraq öz qardaşının yanında olduğunu bəyan etdi. Prezident İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi və eyni zamanda faciənin nəticələrinin aradan qaldırılması üçün qardaş ölkəyə dəstək göstərilməsi məqsədilə bir sıra tapşırıqlar verdi.

O deyib ki, istər Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin, istər hərbi-tibbi personalın qardaş ölkəyə göndərilməsi, istər humanitar yardımlarla bağlı verilən tapşırıqlar qardaşlığımızın daha bir bariz nümunəsi idi.

Deputat vurğulayıb ki, ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk səfərini Azərbaycana edir və bu səfərin Dövlət səfəri olması xüsusilə vurğulanmalıdır.