“İki ildir ki, Azərbaycanda inflyasiya MDB məkanında ən yüksək inflyasiyadır”.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Əli Məsimli deyib.
Deputat bildirib ki, Azərbaycanın bank sistemi özü üçün komfort sistem yaradıb: “Yüksək faizlərdən qazanır, əhalidən qazanır. O cümlədən pulları çıxaran zaman komissiya haqqından da qazanır. Banklar yüksək faiz nümayiş etdirməklə sahibkarı məcbur edir ki, yüksək faizlə kredit götürsün. Ona görə də birincisi iqtisadi üsullar vasitəsilə bank sahəsində işlər görülməlidir. İqtisadi üsullar vasitəsilə bankların faiz dərəcəsinin aşağı salınması ilə bağlı addımlar atılsın. Başqa hökumət strukturları ilə Mərkəzi Bankın əlaqəsi genişləndirilməlidir. Müəyyən vaxt kəsimində bank kreditlərinin faizlərinin aşağı salınması mümkün deyilsə, o faizlər subsidiyalaşdırılsın. Bu, xeyli dərəcədə faiz dərəcələrini aşağı sala bilər”.