Bu gün Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsinə əsaslanaraq regionda sülhün olması üçün öz səylərini davam etdirirlər
44 günlük Vətən müharibəsi günlərində qardaş Türkiyə Azərbaycana açıq dəstək vermişdir. Bu da bir çox dövlətlərin Qarabağ münaqişəsinə müdaxilə cəhdlərini alt-üst etmişdir. Müharibə zamanı Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq tellərinin ən möhkəm təməllərə söykəndiyi bir daha sübut olundu. Prezident İlham Əliyev Türkiyənin müharibə zamanı dəstəyi haqda danışarkən belə deyib: “Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi”. Həmin zaman bir çox ölkələr Azərbaycana qarşı mövqe sərgilədirlər. Hətta Ermənistanı dəstəkləyən bəyanatlar yayan ölkələr də oldu. Amma Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin əksər rəsmilər Azərbaycana dəstək çıxışları etdilər. Azərbaycan bir daha dostunun və düşmənin kim olduğunu bildi. Müharibədə şanlı zəfər qazandıqdan sonra Azərbaycan məhz işğaldan azad olunan Şuşada qardaş Türkiyə ilə müttəfiqliyini daha da möhkəmləndirən bəyanat imzaladı. Tarixə “Şuşa Bəyannaməsi” kimi düşən bu sənəd iki qardaş ölkə arasında tarixi münasibətləri yeni mərhələyə yüksəltdi. 2021-ci ilin 15 iyununda imzalanmış Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsinə əsasən hər iki ölkə “müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək” öz səylərini birləşdiriblər. Sənəddə bildirilir ki, tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər: “Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi.
Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır”.
Bəyannamədən də göründüyü kimi, Azərbaycan və Türkiyə daima regionda sabitliyin tərəfdarıdır. Bunu hər iki ölkənin dövlət başçıları dəfələrlə beynəlxalq tribunalarda belə, qeyd ediblər. Şuşa Bəyannaməsində də bir daha bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayaraq öz sülh missiyalarını ifadə ediblər. Prezident İlham Əliyev Şuşa Bəyannaməsində bir çox önəmli məsələlərin öz əksini tapdığını deyib: “Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”. Azərbaycan və Türkiyə sülh ölkələrdir. Elə Şuşa Bəyannaməsi də əhatəli olaraq sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bu gün hər iki ölkə Şuşa Bəyannaməsinə əsaslanaraq regionda sülhün olması və Qarabağ ermənilərinin inteqrasiyası üçün öz səylərini davam etdirirlər.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi