Tanınmış iş adamı Riyad Əliyevin evindən oğurluq edilib.
Heftelik.az-ın əldə etdiyi xəbərə görə, oğurluq hadisəsi iş adamının Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən dördmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Əvvəldən hazırlanmış plan əsasında cinayət əlaqəsinə girən şəxslər evdən ümumilikdə 120 min manatlıq 35 kondisioner, kombilər, elektrik kabelləri, plastik borular və digər qiymətli avadanlıqlar oğurlayıblar. Bundan əlavə evin əşyaları sındırılıb, məhv edilərək yararsız hala salınıb.
Məsələ ilə bağlı zərərçəkmiş Riyad Əliyevin vəkili Gülşən Salmanova ilə əlaqə saxladıq.
Vəkil Heftelik.az-a açıqlamasında hadisə nəticəsində dəymiş zərərin ümumi dəyərinin 1 milyon manata (926 min 555 manat) yaxın olduğunu deyib.
Oğurluğa görə ikisi qardaş olmaqla 3 nəfər-Rüfət Yuzayev, İbrahim Yuzayev və İlqar Qasımov həbs olunub.
Onlara qarşı Cinayət Məcəlləsinin 177.4 (Oğurluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Artıq cinayət işi üzrə ibtidai istintaq başa çatıb, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Riyad Əliyev Azərbaycanda bir sıra şirkətlərə investisiya qoymuş iş adamı, “Riyad” şirkərlər qrupunun sahibi, “Azinteroil”MMC-nin investorudur.